Bu gün yaltaqlıq nümunələri kifayət qədərdir!
Son zamanlar yaltaq insanların, xüsusilə də rəhbər vəzifələrdə yaltaqların artması bu bir faciədir. Onlar hesab edirlər ki, karyera həyatında və eləcə də şəxsi həyatlarındakı uğurlara bu yolla daha asan nail ola bilərlər.
Bu gün yaltaqlıq nümunələri kifayət qədərdir. Keçmişdə də olub, əlbəttə ki bundan sonra da mövcudluğunu qoruyub saxlayacaq. Çünki şəxsiyyətini mənfəət əldə etmək üçün ayaqlar altına atan insanlar bu dünyada həmişə olacaq. Bu gün yaltaq vəzifə sahiblərinə rast gələ bilirik. Sevmədikləri rəhbər qarşısında səcdə edənlər, arxada bir söz, üzdə bir söz danışanlar, iş yerində rəhbərinin xoşuna gəlmək üçün hər bir addıma hazır olan vəzifə sahibləri yaltaqlıq nümunəsidir.
Yaltaqlıq aşağılayıcı bir anlayış olaraq işlədilir və keçmişdən müasir dövrümüzə kimi öz formasını dəyişərək hələ də mövcudluğunu qoruyub saxlayır. Bu mövzu ətrafında araşdırmalar apararkən maraqlı məlumatlara rast gəldim. Sən demə bir zamanlar yaltaqlıq peşə kimi mövcud olub. Zənginləri əyləndirmək, kaprizlərini çəkmək, onların əziyyət verici zarafatlarına dözərək, yaltaqlıq etmək bir peşə kimi mövcud olub. Saraylarda yaltağın vəzifəsi hökmdarın xoşuna gələ biləcək hərəkətlər edərək onu əyləndirmək idi. Bir zamanlar saraylarda və zənginlərin evlərində peşə olaraq mövcud olan yaltaqlıq müasir dövrümüzdə formasını dəyişərək bir həyat tərzi olaraq irəliləmə və etibarlılıq qazanmaq vasitəsi olaraq varlığını qoruyub saxlayır…
Yaltaqlığın səbəbləri haqqında düşüncələrim…
Yaltaqlıq müəyyən bir vəzifə, sərvət, şöhrət sahiblərinə qarşı edilən və qarşılıq olaraq mənfəət əldə edilən bir davranışdır. Ümumiyyətlə, yaltaqlığın olmasının ən əsas səbəblərindən biri məhz mənfəət əldə etmək duyğusudur. Onlar düşünürlər ki, insanların uzun müddət səy, bilik və bacarıq ilə əldə edə biləcəkləri mənfəəti qısa müddətdə yaltaqlıq etməklə əldə edə bilərlər. Yəqin ki, fikir vermisiniz it və yaxud da pişik əlimizdə olan artıqları, sümük qırıntısını və yaxud digər yeyəcəyi əldə etmək üçün hansı oyunlardan çıxırlar. Onlar da heyvan kimi yaltaqlıq edirlər, min cür oyundan çıxırlar…Yetər ki istədiklərinə nail olsunlar. Elə yaltaq insanlar da bu psixologiyada olurlar…
Şəxsiyyətsizlər…
Normal təhsilin olmaması da yaltaqlığın geniş yayılmasına rəvac verir. Təhsilsiz (söhbət saxta diplom almaqdan getmir) və eləcə də mədəniyyətdən məhrum insanlar daha çox yaltaqlığa meyilli olurlar. Onlar hesab edir ki, bu yol daha rahatdır. Onlar rəhbərliklərinin fikirlərini təkrarlamaqdan başqa bir şey bilmirlər. Yaltaqlar heç vaxt tənqid etməzlər… Yaltaqlıq zəncirvari bir prosesdir.. Həmişə yaltaq insanlar irəli getdikdən sonra istəyirlər ki, onlardan vəzifəcə aşağıda olanlar da onlara yaltaqlansınlar. Necə deyərlər bir-birinə yaltaqlanmaqla yaşayırlar. Əgər buna yaşamaq demək olarsa… Onlar üçün şərəfli və yaxud şərəfsiz yaşam tərzi anlayışı yoxdur… Haqqsızlıq olan yerdə susarlar. Ümumiyyətlə, haqqsızlığa susmağın özü də yaltaqlıq əlamətidir.. Xidmət yerində və yaxud da cəmiyyətdə hər hansı bir haqqsızlıq görüb susmaqla rəhbərlərinin xoşuna gəlmək istəyirlər. Düşünürlər ki haqqsızlığa qarşı getsələr onlardan yuxarıda olan insanlarda onlar haqqında “mənfi “ fikir formalaşdırmış olacaqlar... Həm də itirmək qorxusu onların yaltaqlıq etməsinə səbəb olur. Yaltağın öz iradəsi yoxdur, o başqalarının iradəsi ilə oynayır… Necə deyərlər başqasının zurnasına oynayanlar! Onlardan yüksək mövqe daşıyan insanların hər bir fikirilə çox asan şəkildə razılaşırlar. Yuxarıda qeyd etdim ki, əvvəllər yaltaqlar həm də zənginləri və saraydakıları güldürmək üçün çalışırdılar. Bu gün isə yaltaqlara daha çox cəmiyyətdə gülürlər.. Onların davranışları ətrafda gülüşlə qarşılanır…Onların düşdüyü duruma acıyanlar da var, əlbəttə ki. Yaltaqlar hər dövrün və hər bir şəraitin insanlarıdır. Onlar hər bir dəyişikliyə uyğun davrana bilirlər. Necə deyərlər külək hara əsirsə onlar da o istiqamətdə… Yetər ki, ətrafındakıların xoşuna gəlsin. Onların əmrində müntəzir olsun!
Yaltaqlardan qorxmaq lazımdır. Onlar çox təhlükəli olurlar. Çox asan şəkildə dostlarını, tanışlarını, ən əsasıda səcdə etdikləri rəislərini satarlar. Hətta öz ailələrini də. Yaltaqlar elə rəhbərləri üçün də potensial düşməndirlər. Çünki onlar mənfəət üçün yaltaqlıq edirlər. Sabah daha çox mənfəət əldə etsələr o zaman rəhbərlərinin üzünə durarlar. Və yaxud da rəhbərlik dəyişərsə. Yaltaqlar üçün bir dəyər var: mənfəət! Onlar “nöqtə qədər mənfəət üçün vergül kimi əyilərlər”…
ALLAH HƏR BİRİMİZİ YALTAQLARDAN QORUSUN.
Zahir Məmmədov