Göygöllülərin seçimi xoşbəxt gələcəyimizin qarantı cənab İlham Əliyevdir” Göygöl rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Göygöl şəhərində və Səmədli kəndində seçicilərlə görüşlər keçirilib.
Görüşlər zamanı əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Mahir Hacıyev, Dilarə Mövlayeva, Yeganə İsgəndərova və Dilarə Qazıyeva çıxış ediblər.
Çıxışçılar Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını bildirərək, qədirbilən xalqımızın Prezident İlham Əliyevə hər zaman etimad göstərməklə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirdiyini söyləyiblər.
Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan edərək onun rəhbərliyi altında Azərbaycan xalqının yeni-yeni zəfərlərə imza atması üçün mübarizə aparmağa hər an hazır olduğunu bildirmişlər.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.


