Müasir dünyagörüşə, sağlam düşüncəyə malik olan gənclərimiz
Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ideyalarının təbliğatçılarıdır.
Bildiyimiz kimi, “2 Fevral - Azərbaycan Gənclər Günüdür. Gənclər Günü dedikdə tarix yazan, Azərbaycanın dünyaya qalib ölkə kimi təqdimatında torpaq, Vətən sevgilərini nümayiş etdirərək “Torpaqdan pay olmaz” deyib canlarını fəda edən gənclərimizin şücaəti, qəhrəmanlığı göz önünə gəlir. Bu gün Azərbaycan gənci işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının ucaldılmasından qürurludur. Bu gün Azərbaycan gənci dastana çevrilən Şuşa əməliyyatından qürurla danışır. 30 il düşmən işğalında qalan, tarixi və dini abidələrimizi yerlə-yeksan edən erməniləri 44 gündə diz çökdürən, kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan gəncinin günüdür.
Müasir dünyagörüşə, sağlam düşüncəyə malik olan gənclərimiz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ideyalarının təbliğatçılarıdır. Dahi şəxsiyyət Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsini prioritet məsələ kimi öndə saxladı. Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını heç zaman əsirgəməyib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır: “Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Son 20 ildən artıq bir dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları davamlılığı ilə diqqətdədir: “2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramları qəbul edildi.
Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Tarixi Zəfərimizin reallıqları fonunda gənclərimizin də qarşısında bir sıra çağırışlar dayanır: Dövlət maraqlarını hər şeydən üstün tutmalı, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində, Böyük Qayıdış proqramının uğurlu icrasında fəal olmalıdırlar.
Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı