"Zelenski və Zalujnı arasında gərginlik qalmaqda davam edir və şayiələr əsasən buradan qaynaqlanır..."
"Əvəzedilməz insan yoxdur, lakin Zalujnını əvəz edəcək namizədlər onun statusuna açıq-aşkar uyğun gəlmir..."
Zalujnının istefası barədə şayiələrin kim tərəfindən və nəyə görə yayıldığı bəlli olub
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının istefası barədə şayiələr Zelenski ilə Zalujnı arasında münasibətlərin qaydasında olmadığını növbəti dəfə sübut edib.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Spectator" nəşri yazıb.
Bəs, o, istefaya göndərilib, yoxsa yox? Bəyanatlar, qarşılıqlı iddialar, şayiələr gecəsindən sonra Zelenski görünür ki, Zalujnını vəzifəsindən kənarlaşdırmamaq qərarına gəlib. Lakin onların arasında gərginlik qalmaqda davam edir və bu, Ukrayna üçün pis xəbərdir.
Zalujnının artıq baş tutmuş və ya gələcək istefası iddiaları barədə ilk olaraq Ukraynanın xəbər kanalları və nəşrləri yazıb. Qərb jurnalistlərinin əlaqə saxladığı insayder mənbələri ümumilikdə bu iddiaları təkzib etməkdən daha çox təsdiq edib.
Ukraynalı deputat Aleksey Qonçarenko bəyan edib ki, Zalujnı istefa verib, lakin Avropa ölkələrinin birində səfir vəzifəsini tutmaq təklifindən imtina edib. Lakin kəfkir əks tərəfə hərəkət edib və səhərisi gün Zalujnının öz postunda qaldığı bəlli olub.
Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi "Teleqram-kanal"ında yazıb: "Hörmətli jurnalistlər, biz hamıya eyni zamanda cavab veririk: yox, bu, doğru deyil".
Bu, sosial şəbəkələrin gur mühitində əsassız şayiələrin meşə yanğını sürəti ilə yayılmasının, sadəcə, bir nümunəsidirmi? O qədər də yox, burada açıq-aydın nəsə var. Zelenskinin mətbuat katibinin istifadə etdiyi ifadələrin özünəməxsus olduğunu qeyd etmək lazımdır:
"Prezident Zalujnını vəzifəsindən azad etməyib". Zalujnının əvəz edilməsi barədə hansısa imzalanmayan, amma hazır olan fərmanına istinad edən mənbələr tamamilə haqlı ola bilər.
Ukrayna məsələsi üzərində işləyən yüksək vəzifəli avropalı diplomat dünən axşam dəhşət və çaşqınlıq içində məlumat verib ki, dünən Kiyevdəki səfirliyə Ukrayna Silahlı Qüvvələrində yerdəyişmələr barədə məlumat verilib. Bu gün səhər məlumat gəlib ki, Bank küçəsi, "deyəsən, özünə gəlib".
Onlar ümumiyyətlə nə düşünüb? Əgər Zelenskinin Zalujnını vəzifədən kənarlaşdırmaq barədə ciddi niyyəti olsaydı, sosial şəbəkələrdə xəbərdaredici atəşlər qasırğası baş verəcəkdi. Buna baxmayaraq, şayiələrin həqiqiliyi Zalujnı ilə Zelenski və ya onun siyasi komandası arasında siyasi təfriqə ilə bağlıdır.
Prezident Ofisinin rəhbəri Andrey Yermak, deyəsən, "dəmir general"dan ehtiyat edir, axı o, ümummilli populyarlıq nöqteyi-nəzərdən ictimai xadimlərdən Zelenskiyə yaxınlaşmağı bacaran yeganə xadim olub (ötən ilin sonunda keçirilən sorğu göstərib ki, Baş Komandana respondentlərin 98 faizi etimad göstərir, prezident üçün bu rəqəm 93 faiz olub).
Bu il seçkilərin olmayacağına rəğmən, Yermak onsuz da dayanan deyil, insayderlərdən biri onu "seçkiöncəki kampaniya rejimində olan adlandırıb".
Zelenskinin ünvanına təriflər yağdırılmasına rəğmən, beynəlxalq diqqətin Zalujnı ilə bölüşməsinin zəruriliyi barədə müəyyən narazılıq mövcuddur, məsələn, "Politico" nəşri yazıb ki, o, "Ukraynanın hərb tarixinə tarixi fiqur kimi düşəcək".
Zalujnının hər-hansı siyasi meydan oxuması üzərində fəal şəkildə düşüdüyünün gerçək sübutları azdır, hərçənd, onun hələ 2022-ci ildə yaratdığı xeyriyyə fondunu bir çoxları siyasi hərəkat üçün əsasların yaradılmasında ilk addım adlandırıb.
Bunun yerinə düşmən əhval-ruhiyyəsilə hələlik prezident administrasiyası seçilir. İlk ixtilafa səbəb ötən ilin əkshücum planı olub, bu plan tam iflasa uğramasa da, itirilən əraziləri geri qaytarmaq mümkün olmayıb.
Ukrayna Rusiyanın bir sıra imkanlarını ciddi şəkildə zəiflətməyə və Qara dənizi yenidən açmağa nail olub, lakin əkshücum açıq-aşkar ümid edildiyi və planlaşdırıldığından xeyli uğursuz olub.
Zalujnı britaniyalı və amerikalı hərbçilərlə birgə diqqəti cənuba doğru irəliləmək üzərində cəmləşdirmək istəyib ki, Krıma aparan quru yol körpüsünü dağıtsın. Zelenski isə bütün cəbhə boyunca tammiqyaslı hücuma təkid edib.
İndi, aradan zaman keçəndən sonra, əksəriyyəti Rusiyanın müdafiə xəttində darmadağın ola biləcək çoxsaylı daha az miqyaslı əməliyyatlar barədə danışmaq olar.
Zalujnı sonradan əkshücumun nəticəsini "pat vəziyyət" adlandıranda, Zelenskinin komandası bunu prezidentin strategiyasının tənqidi kimi qəbul edib.
Sonuncu açıq şəkildə Baş Komandanı həddən artıq bədbinlikdə qınayıb, yeni müdafiə naziri Rüstəm Ömərov isə Zalujnıya yaxın olan zabitləri vəzifədən kənarlaşdırmağa və yerdəyişmə etməyə başlayıb.
Nəzərə alsaq ki, ilk şayiələr, görünür ki, həqiqətən haradasa prezident administrasiyasında baş verib, Zelenski Zalujnını əvəzləməyi planlaşdıra bilərdi, lakin həyəcan səviyyəsinin artması fonunda fikrindən daşınıb.
Həmçinin Zelenski və ya Yermak bu ideyanı ictimai rəyin öyrənilməsini dəyərləndirmək üçün "sınaq kimi" dövriyyəyə buraxa bilərdi. Əvəzedilməz insan yoxdur, lakin Zalujnını əvəz edəcək namizədlər onun statusuna açıq-aşkar uyğun gəlmir.
Quru Qoşunları Komandanı Aleksandr Sırski Zelenskiyə yaxın hesab edilir, lakin hərbçilər arasında Zalujnı qədər yüksək nüfuza malik deyil.
Hərbi kəşfiyyatın gənc və ambisiyalı rəhbəri Kirill Budanov xarizma və enerjiyə malik olsa da, irimiqyaslı hərbi əməliyyatlara komandanlıq etmək təcrübəsinə malik deyil.
Vəziyyətin necə olmasından asılı olmayaraq, Zelenski ilə Zalujnı arasında gərginlik gerçəkdir və siyasi cəhətdən sabitliyi poza bilər.
Müəllif: Mark Qaleotti