Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlər
Bildiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bu qərar bir neçə cəhətdən vacib və əhəmiyyətlidir. AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunmuşdu. Səbəblər sırasında ölkədə insan haqlarının pozulması halları birinci göstərilsə də, əslində, avropalıları narahat edən erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA-nın bu qərəzli addımı avropalı deputatların Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə etirazının təzahürü idi.
2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Gözləntilərimiz vardi ki, torpaqlarımızın işğalı Avropa səviyyəsində dünyaya çatdırılar, sülh, danışıqlar yolu ilə ermənilər işğal siyasətindən əl çəkər. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.
Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Ölkəmiz AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri "etnik təmizləmə" kimi qələmə verərək yenə anti-Azərbaycan mövqeyindən çıxış edir.
Qeyd edək ki, 20 ildən çox AŞPA-da fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq üçün kifayətdir. Bu illər ərzində Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, AŞPA Ermənistanı qonşu dövlətin torpaqlarını isğal etmiş təcavüzkar kimi tanımadı, Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı irəli sürülən təkliflər eşidilmədi. Düşmən ölkənin işğalçılıq siyasəti pislənmədi, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənistanda başdan-ayağa korrupsiyaya uğramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Koçaryan-Sarkisyan hakimiyyətinə qarşı heç bir ittiham irəli sürülmədi. Azərbaycan nümayəndə heyətinin bu məsələlərlə bağlı müzakirə təşəbbüslərinin qarşısı isə dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səy və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı.
AŞPA-dakı nümayəndə heyətimizin təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı dünyanın mötəbər institutlarının böhranından da xəbər verir. Azərbaycan bu böhrana ilk reaksiya verən ölkə kimi nümunədir. AŞ-nin üst eşelonu nəzərə almalıdır ki, səslərinə etimad etdikləri şəxslər hərəkət və davranısları, ədalətsizlikləri və haqsızlıqları ilə böhranı daha da dərinləşdirməkdədirlər. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə son 30 il müddətində böyük güc mərkəzlərinin dəstəyi ilə Qarabağda yuva salmış separatçı qüvvələrin təslim olması və nəhayət, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə təsir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil siyasətini aparmağa çalışan yeganə dövlət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmaq istəyirlər. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.
Elçin Kazımov,
Salyan rayonu, gənc YAP fəalı