Həqiqəti əks etdirməyən qərəzli çıxış
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqləmədi. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəkləndi və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərildi. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırıldı. Maraqlıdır, bu təklifin müəllifi olan almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı niyə belə qərəzlidir və Avropa Şurası onun təklifinə niyə belə əhəmiyyət verib? Bu da o anlama gəlir ki, Emmanuel Makronun Fransası Anti-Azərbaycan kampaniyasını Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Görünən odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Frank Şvabeninin timsalında isə Almaniyanı muzdlu icraçıya çevirə bilib. Təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. Azərbaycan ilk dəfə deyil ki, təşkilatın qərəzi ilə üzləşir. Baş verən proseslərə nəzərə salaq; ötən il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Məqsədin ermənilərin “blokada yaşaması”nı göstərmək, bunu hesabatlara salmaq olduğunu aydın dərk edən Azərbaycan tərəfi bu absurd addıma imkan verməyib. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Bunu sübut edəcək faktlara nəzər salsaq;
Birincisi, Frank Şvabe təşəbbüsü irəli sürərəkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması, AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.
İkincisi, AŞPA 23 oktyabr 2023-cü ildə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycan təhdid edilir, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilir, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyət”indən ciddi narahatlıq ifadə edilir və ölkəmiz nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanınmamayacağı ilə hədələnir. Bu siqnal o zaman verilmişdi ki, onda növbədənkənar prezident seçkiləri elan olunmamış, ümumiyyətlə bununla bağlı hər hansı bir məlumat müzakirəyə çıxarılmamışdı. Lakin Böyük Britaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü İan Liddel-Grangerin qurumda çıxışı zamanı söylədiyi kimi bu, səhv bir qərardır və heç bir müsbət vəziyyətə aparmayacaq. Amma istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək.
Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı