İlham Əliyev: "Biz sülh müqaviləsində heç bir zəmanətçiyə ehtiyac duymuruq"
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində bir sıra mühüm mövzulara toxundu, ciddi mesajlar verdi. Bu mesajlardan çıxan nəticə budur ki, Azərbaycan dövləti öz doğru bildiyi yolda davam edəcək. Heç bir qüvvə onunla hədə-qorxu dili ilə danışa bilməz. Azərbaycana təzyiq göstərmək, hətta onunla təhdid dilində danışmaq istəyənlərə ən tutarlı cavab elə budur. Haqlı olmasaydıq, torpaqlarımızın 30 illik işğalına son qoyub, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edə bilməzdik.
Prezident İlham Əliyev müsahibə zamanı bu məqama toxunaraq aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var.
Dövlət başçısının daha bir mühüm açıqlaması isə Azərbaycan və Ermənistan arasında kommunikasiyanın hansı prinsiplərlə açılması ilə bağlı oldu. Prezident bəyan etdi ki, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər: "Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu, çox ədalətli mövqedir".
Ermənistanla sülh müqaviləsinə gəlincə, Prezident bəyan etdi ki, sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb. "Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın... Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik".
Bakı dəfələrlə İrəvanla vasitəçisiz danışıqlar təklif edib. Çünki son proseslər göstərdi ki, Fransa kimi qüvvələr prosesi pozmaq, öz maraqlarını regionda təmin etməyə çalışırlar. Onların niyyəti sülh yox, pozuculuqdur. Lakin Azərbaycan bu güclərin hamısının mənfur planlarını neytrallaşdırmağı bacardı.
Azərbaycanın həyata keçirdiyi siyasət dövlətimizin və xalqımızın milli maraqlarına xidmət edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bizə tarixi uğurlar bəxş edib. Elə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər də öz gücünü məhz bu siyasətdən alır.
Zaman-zaman bəlli xarici güclər, xüsusilə də ermənipərəst mərkəzlər bizi bu müstəqil, xalqın və dövlətin milli milli maraqlarına xidmət edən siyasətdən çəkindirmək üçün cəhdlər edib, təzyiqlər göstəriblər. Lakin bu cəhdlər iflasa uğraylb. Çünki dəfələrlə sübut olunub ki, Azərbaycanla təzyiq, hədə-qorxu dili ilə danışmaq faydasızdır. Dövlət başçısı elə yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məqama növbəti dəfə toxunub. Cənab Prezident deyib ki, "İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik.
Həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq aktorlara bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyini, onların heç nə də edə bilməyəcəklərini açıq şəkildə dediyini vurğulayan dövlətimizin başçısı bildirib ki, "Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil".
Hesab edirəm ki, sözügedən müsahibədə bu məqama toxunulması heç də təsadüfi deyil. Eyni zamanda, bu, hələ də Azərbaycanla təzyiq dili ilə danışmaq istəyən bəlli xarici güclərə növbəti xəbərdarlıq olmalıdır. Bu gün Azərbaycana yersiz və əsasız təzyiq etmək istəyənlər nə qədər ki, gec deyil, bu bəd əməllərindən əl çəkməlidirlər. Əks təqdirdə uduzan yenə də onlar olacaq.
Səlimağa Səlimli,
Azərbaycan Respublikasının Əməkdar Müəllimi, YAP fəalı