Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır
“Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır...”. Prezident İlham Əliyevin bu il yerli televiziya kanallarına verdiyi ilk müsahibəsində cəmi bir cümlə ilə mükəmməl şəkildə ifadə etdiyi kimi, Xankəndi zəfəri müasir Azərbaycanın qarşısında yeni və parlaq üfüqlər açıb. 2023-cü il sentyabrın 20-də qazanılan qələbə Azərbaycan xalqının, dövlətinin milli hədəflərinə doğru onilliklərin o üzündən çıxdığı, böyük əzm, qətiyyət, qəhrəmanlıq tələb edən və ağır sınaqlarla dolu haqq yolunun Zəfər zirvəsi oldu. Heç şübhəsizdir ki, bu zəfərin Azərbaycanın daha parlaq eralara daşınmasında misilsiz rolu olacaq.
Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda – bütün ərazilərimizdə dalğalandırılıb. Qarabağda separatizmin kökü birdəfəlik kəsilib. Xocalıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə və digər neçə-neçə şəhər və kəndlərimizdə dinc sakinlərimizə qarşı soyqırımı törədən erməni canilər bir-bir həbs edilərək törətdikləri qaniçən əməllərin hesabını vermək üçün Bakıya gətirilərək ədalət məhkəməsinə çıxarılıblar. Bir sözlə, Azərbaycan illər öncə qarşısına qoyduğu milli vəzifəsinə Xankəndi zəfəri ilə son nöqtəsini qoyub. “Qarabağ Azərbaycandır!” həqiqətindən güc alaraq və buna qarşı çıxan istənilən qüvvəyə qarşı layiqincə mübarizə apararaq, döyüşərək, çarpışaraq tarixi ədaləti bərpa edib.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində də məhz bu məqama toxunaraq, “Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz” söylədi. Dövlət başçısı onu da qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Ancaq bu gün qürurunu, fəxrini yaşadığımız bu qələbələrə yetənə qədər xalqımız, dövlətimiz olduqca çətin, sınaqlarla dolu bir yol qət etməli oldu. 1993-cü, xüsusilə də 2003-cü ildən sonra ötən dövrə nəzər salanda görürük ki, torpaqlarının işğal altında olduğu, məcburi köçkünlük problemi yaşandığı və üstəlik də siyasi, diplomatik müstəvidə bəzi beynəlxalq qurum və ölkələrin qərəzi ilə üz-üzə qalaraq daim onlarla haqq işimiz uğrunda mübarizə apardığı dövrün özündə belə Azərbaycan bütün sahələrdə hərtərəfli inkişaf səviyyəsinə yüksəlib. Lakin o da danılmaz həqiqətdir ki, sözügedən problemlərin varlığı ölkəmizin daha sürətli inkişafına başlıca əngəl yaradırdı və dövlətimizin qarşısında duran bir nömrəli vəzifə də məhz bu maneələrin aradan qaldırılmasından ibarət idi. Məhz ötən 30 ildə bu milli hədəf istiqamətində böyük qətiyyət, əzm və iradə ilə dövlətimizin həm daxildə, həm beynəlxalq arenada apardığı məqsədyönlü fəaliyyət sayəsində bu gün artıq yuxarıda sadalanan problemlərin heç biri yoxdur və tamamilə həll edilib.
“Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi” deyən Prezident İlham Əliyev də müsahibəsində hesab etdiyini söylədi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi: “Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi”. 2020-ci il sentyabrın 27-də başlayan haqq işimizin öncə 8 noyabr Şuşa Zəfəri və onun uğurlu davamı kimi 2023-cü ildə Xankəndi Zəfəri ilə məntiqi sonluğuna yetirilməsi Azərbaycanın bütün parametrlərdə sürətli inkişafına birbaşa təkan verib, qarşıda yeni vəzifələrə, yeni hədəflərə yol açıb. Hər zaman beynəlxalq arenada etibarlı və güvənilən tərəfdaş kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə mühüm töhfələr verən Azərbaycanın adı dünyanın nüfuzlu, eləcə də güclü ölkələri sırasında çəkilir. Təsadüfi deyil ki, bu gün istənilən beynəlxalq məsələ ilə bağlı Cənubi Qafqazın şəksiz lideri Azərbaycanın fikri öyrənilir, mövqeyi mütləq nəzərə alınır.
Ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin təmin olunması, Xankəndidə bayrağımızın dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə şanlı yekun vurulub, özündən sonra gələcək minilliklərə doğru parlaq yollar açıb. Necə ki bunu Müzəffər Lider İlham Əliyev müsahibəsində bir daha dünyaya bəyan etdi: “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir”.
Könül Qəfərova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı