Seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir
Vətən müharibəsində qazanılan şanlı Zəfər, ərazi bütövlüyümüzün bərpası və bu il sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması müstəqil ölkəmizin daha da inkişafı və güclənməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi üçün yeni imkanlar açıb. Eyni zamanda, qalib dövlətimiz regionda yeni reallıqlar yaradıb. Bütün bunların fonunda Prezident İlham Əliyevin ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncamı tamamilə məntiqli və siyasi qanunauyğunluqdur.
Artıq bir neçə gündür ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən üzərinə düşən vəzifə və öhdəliklərin icrası ilə məşğuldur. Seçkilərin azad və ədalətli, sağlam rəqabət şəraitində keçiriləcəyinə şübhə yoxdur. Artıq bir neçə siyasi partiya prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib, öz namizədlərini irəli sürüblər. “Siyasi partiyalar haqında” qanuna uyğun olaraq istənilən siyasi partiya bu seçkilərdə bərabər əsasda iştirak edə bilər. Onların bütün hüquqları eyni qaydada təmin edilib. Təəssüf ki, yenə də müxalifətin radikal qanadı növbədənkənar prezident seçkiləri ilə bağlı ənənəvi dəst-xətlərini davam etdirirlər. Onları bu seçkiləri yanlış şərh edir, ictimaiyyəti çaşdırmağa çalışırlar. Əslində, bu yanaşma onların gücsüzlüyündən xəbər verir. Heç bir sosial dayağı, nüfuzu, imkanı olmayan siaysi partiyalar seçkilərdə heç bir nəticə qazana bilməyəcəklərini yaxşı anlayırlar. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq zəifliyi kimi qiymətləndirilməlidir.
Azərbaycan xalqı radikal müxalifətin kimlərin havasına qol qaldırdıqlarını, kimlərin əmri ilə oturub-durduqlarını yaxşı bilir. Onların keçmişdəki fəaliyyəti bizim yadımızdan çıxmayıb. Ölkəmizi, xalqımızı zəif, sözəbaxan, qeyri-mədəni bir toplum kimi görmək istəyən qüvvələr məqsədli şəkildə radikal müxalifətin məhdud imkanlarından maksimum yararlanmaq istəyirlər. Müsavat Partiyası və AXCP-nin anti-Azərbaycan layihəsində yer alaraq çirkin kampaniyaya qoşulması yalnız təəssüf doğura bilər.
Bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında qalib gəlmək şansı yoxdur. Bununla belə bütün tərəflərə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalif qüvvələri rahat şəkildə seçki marafonuna qatılırlar. Bu marafona qoşulmayanlar isə Azərbaycanda demokratik islahatlara qarşı çıxırlar, inkişafımızı, güclənməyimizi istəmirlər. Onlar beynəlxalq təşkilatlara Azərbaycandakı seçkiləri tənqid etmək üçün “mövzular” istehsal etməklə məşğuldurlar. Qərəzli yanaşmalar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırırlar.
Əminliklə qeyd etmək olar ki, Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən hər bir Azərbaycan ziyalısı 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar seçkilərdə hazırkı Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar sayır. Hesab edirəm ki, tarixi qələbələrdən sonrakı mərhələlərin Prezdent İlham Əliyevlə davam etdirilməsi ən doğru qərardır. Çünki İlham Əliyevin İkinci Qarabağ müharibəsində döyüş meydanında müzəffər Ali Baş Komandan kimi əldə etdiyi tarixi qələbəni mahir bir diplomat kimi danışıqlar prosesində də uğurla yekunlaşdırmaq gücünə inanırıq.
Aqil Qurbanov,
Salyan rayon Qarabağlı 2 saylı kənd tam orta məktəbin müəllimi, YAP fəalı