Azərbaycan Fransanı bütün qlobal platformalarda məğlub edib
Fransanın ölkəmizə qarşı qərəzli addımları bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib və məqsədli xarakter daşıyır. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu göstərir. Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyması birinci hal deyil. Vətən müharibəsinin ilk günlərində Fransa Prezidentinin "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik" deyə beynəlxalq hüquqa zidd olan bəyanat verməsini yaxşı xatırlayırıq. İkinci Qarabağ savaşından üç ildən artıq vaxt keçməsinə baxmayaraq, Fransa keçmiş münaqişənin həllində maraqlı olmadığını və özünün əsl ermənipərəst mövqeyini bu gün də həyasızcasına nümayiş etdirir. "Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, antiterror tədbirlərindən sonra iki ölkə arasında münasibətlər mahiyyətcə dayandırıldı, yenə də bu, bizim günahımız ucbatından baş vermədi. Sadəcə, Fransa artıq başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı. Qətnamələrin qəbul edilməsinə cəhdlər etdi, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələb etdi. Fransa tərəfindən ən azı 5 dəfə bu cür cəhdlər edilib və onların hamısı tam uğursuzluqla nəticələnib, çünki ölkələrin əksəriyyəti bizi dəstəkləyib, bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilməyiblər. Fransanın siyasi yolla Azərbaycana qarşı istər BMT, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri nəticəsiz qalıb. Bu gün insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransa siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır. Parisin bu mövqeyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədərək xalqların rifahına və təhlükəsizliyinə qarşıdır.
Fransanın Azərbaycana qarşı uğursuz həmlələri, Cənubi Qafqazda möhkəmlənmək cəhdlərinin iflasa uğraması bu ölkənin regiondakı nüfuzuna ciddi zərbə oldu. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Fransa casus şəbəkəsini zərərsizləşdirməklə tək respublikamızı deyil, region ölkələrini və müəyyən qədər MDB dövlətlərini Parisin çirkin siyasətindən qorumuş oldu. İfşa edilən şəbəkə bizim regionda kök salmışdı və onların Azərbaycandakı uzantılarının məhvi Fransa kəşfiyyatının məkrli planlarını pozdu.
Prezident İlham Əliyev müsahibəsində Fransa və Ermənistanın oxşar hərəkətlərinə də diqqət çəkib: "...Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var. Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik".
Orxan Seyfullayev,
Salan rayon, Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayndəsinin müavini