Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.
Dövlət başçısı cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi mühüm çağırışlarla diqqətdədir. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibə dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun nadir formasıdır. Dövlətimizin başçısının hər bir müsahibəsi dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Ümumilikdə bu müsahibələr beynəlxalq ictimaiyyət üçün Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasında zəngin mənbədir. Dövlət başçısı İlham Əliyevin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Geniş ictimai maraq doğuran müsahibədə İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin indiki və gələcəyi barədə sualları cavablandırmaqla iki ölkə arasında əlaqələrin inkişafının hansı amillərdən asılı olduğunu açıqladı. Eyni zamanda, dövlət başçısı postmüharibə reallıqları fonunda Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyəti dəyərləndirərək Azərbaycanın ancaq milli maraqlarına uyğun hərəkət edəcəyini vurğuladı. Bundan başqa, ötən il Azərbaycan 30 illik işğalın nəticələrini aradan qaldırmaqla yanaşı, Ermənistanla sülh prosesinin davam etdirilməsinə də çalışdı. Prezident İlham Əliyev bu tarixi hadisə ilə bağlı bildirdi ki, “İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”.
Prezident İlham Əliyev müsahibəsində işğaldan azad edilmiş ərazilərimizdə çox qısa zamanda görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs edərək vurğuladı ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri sakinlərinə qovuşub və dirçəlir. Qürurvericidir ki, bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar.
Bu gün Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir: “2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilmişdir. Dəqiq və düşünülmüş diplomatik addımların nəticəsində Azərbaycanda keçiriləcək COP29 qonaqların sayına görə ən böyük tədbirdir. Bu fakt ölkəmizin imkanlarının növbəti nümayişidir. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı mövqeyimizdən böyük dərəcədə asılı olacaq. Azərbaycan artıq bir neçə ölkədən əməkdaşlıq təklifi alıb.”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan həqiqətlərini, ölkəmizin yaratdığı reallıqları növbəti dəfə dünyaya nümayiş etdirdi. Prezident açıq şəkildə bir daha bəyan etdi ki, Azərbaycan heç vaxt başqa ölkənin daxili işlərinə qarışmayıb və belə nümunə yoxdur. Nə bu gün, nə də torpaqlarımız işğal altında olanda belə, biz hətta Ermənistanın daxili işlərinə də heç vaxt qarışmamışıq. Bütün bunların fonunda bizim daxili işlərimizə hansısa ölkələrin qarışması qəbulolunmazdır.
Dövlət başçısı İlham Əliyevin müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir. Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. Bu gün dünya Azərbaycanın timsalında bunu aydın şəkildə görür. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu, olduqca vacibdir.
Mailə Hacıyeva,
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri