Azərbaycanda dayanıqlı inkişafın bünövrəsinin qoyulduğu illər
Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinin davam etməsinə səs verməsəydi və əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Lakin xalqın düzgün seçimi ilə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi.
Bildiyimiz kimi, 1993-cü ildə Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev 10 il sonra bizə möhkəm özüllü, sabit inkişafı təmin edilmiş bir dövlət qoyub getdi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm” – Heydər Əliyev hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı.
1993-cü ildən sonrakı 10 ilə qısaca nəzər salsaq, bu illərin Azərbaycan xalqı və dövləti üçün həqiqətən böyük imtahan, sınaq epoxası olduğunu, ən əsası isə xalqımızın və dövlətimizin bu sınaqdan uğurla çıxdığını yəqin edə bilərik: 1994-cü il may ayının 12-də Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Azərbaycan dövləti zəruri nəfəs dərmək, qüvvəsini toparlamaq və dövlətin sütunlarını möhkəmləndirmək imkanı qazandı. Atəşkəsin ilk müsbət nəticəsi özünü gözlətmədi. Sentyabrın 20-də Azərbaycanda təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevin tarixi uzaqgörənliyinin və cəsarətinin nəticəsi olan saziş Azərbaycanın milli neft strategiyasının başlanğıcı olmaqla yanaşı, Xəzərin milli sektorlara bölgüsü ilə bağlı ölkəmizin prinsipial mövqeyini nümayiş etdirdi.
Heydər Əliyev 1995-ci il mart qiyamının qarşısını almaqla bütövlükdə Azərbaycanda hərbi çevriliş, zor gücünə hakimiyyətə gəlmək xülyasına birdəfəlik son qoydu. Ölkə hüquqi dövlətçilik, konstitusion və demokratik inkişaf yoluna çıxdı. Həmin il noyabrın 12-də müstəqil Azərbaycanın yeni Konstitusiyası ümümxalq səsverməsi ilə qəbul edildi, Milli Məclisə ilk seçkilər keçirildi. Ölkədə maliyyə-iqtisadi sabitliyi yarandı, inflyasiya prosesi tamamilə tənzimləndi.
1996-cı ildə də Azərbaycanda dövlət quruculuğu və iqtisadi islahatlar prosesi dönməz xarakter aldı. İyunda Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi – “Şahdəniz” müqaviləsi imzalandı. 90-cı illərin əvvəlindən başlanan iqtisadi geriləmə və təsərrüfat sahələrindəki tənəzzülün qarşısı alındı, ilk müsbət iqtisadi göstəricilər qeydə alınmağa başlandı. Dekabrda ATƏT-in Lissabon (Portuqaliya) sammitində münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayan qərarın qəbul edilməsi ümumilikdə Qarabağ nizamlanmasının beynəlxalq-hüquqi prinsiplərini müəyyənləşdirmiş oldu. 1997-ci ildə Azərbaycanda genişmiqyaslı iqtisadi inkişaf başlandı – özəlləşdirmə və aqrar islahatlara start verildi. Kəndli torpağın sahibinə çevrildi, illərlə qapısı bağlı olan sənaye müəssisələrinə sərmayə işığı yandırıldı. Ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası başlandı. Oktyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilk neft çıxarıldı, bir ay sonra isə Azərbaycan neftini dünya bazarına daşıyan “Şimal kəməri” (Bakı- Hovorossiysk) işə düşdü. Prezident Heydər Əliyev Azərbaycanın neft strategiyasının başlıca konturunu – Bakı-Tbilisi-Ceyhan kəmərinin tikiləcəyini rəsmən bəyan etdi.
1998-ci ilin aprel ayında “Qərb kəməri” (Bakı-Supsa) işə düşdü. Azərbaycanın xarici şirkətlərlə imzaladığı neft müqavilələrinin sayı 20-yə çatdı. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması, dövlətin siyasi-hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması yönündə mühüm addımlar atıldı.
2000-ci ildə Azərbaycan prezidentinin apardığı məqsədyönlü xarici siyasət bəhrəsini verdi. İyun ayında Azərbaycan Avropa Şurasına rəsmi dəvət aldı. Ölkədə həm siyasi-hüquqi, həm də sosial-iqtisadi sahədə islahatların yeni mərhələsi başlandı.Noyabrda ikinci çağırış Milli Məclisə seçkilər keçirildi. 200-ci ilin yanvar ayının 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Avropa Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq-diplomatik fəaliyyət imkanlarını genişləndirdi, ölkəmiz beynəlxalq miqyasda Qarabağ münaqişəsinə obyektiv münasibəti təmin etmək, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün yeni müstəvi əldə etdi. 2002-ci ildə Azərbaycan ABŞ və Rusiya kimi iki dünya nəhənginin tammənalı strateji tərəfdaşına çevrildi. Prezident Heydər Əliyevin Rusiyaya səfərləri zamanı iki ölkə arasında mühüm razılaşmalar – Qəbələ RLS-in statusu, Xəzərin dibinin bölünməsinə dair sazişlər imzalandı. Dövlət başçısının may ayında İrana əhəmiyyətli səfəri cənub isə qonşumuzla münasibətləri daha da rəvanlaşdırdı. Sentyabrın 18-də Heydər Əliyevin neft strategiyasının növbəti uğurunu yaşadıq. Həmin tarixdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli təməlatma mərasimi keçirildi. Azərbaycan prezidenti xəyalları gerçək etməyi bacaran lider olduğunu nümayiş etdirdi.
2003-cü ildə Heydər Əliyev prezidentliyinin 10-cu ilində Azərbaycan dövlətçiliyini rəvan və perspektivi aydın görünən inkişaf magistralına çıxardı. Ölkənin gələcək idarəçiliyini siyasi varisinə – özü qədər inandığı gənc liderə təhvil verdi. Azərbaycan xalqı böyük öndərin tarixi seçiminə dəstək verdi: 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə etibarilə Heydər Əliyev siyasətini Azərbaycanın dövlətçilik fəlsəfəsi kimi birmənalı şəkildə təsdiqlədi. 2003-cü ilin 12 dekabrında Azərbaycan xalqı Heydər Əliyevi itirdi. Amma Heydər Əliyev yolu, Heydər Əliyevin ideyaları, onun təməlini qoyduğu dövlətçilik xətti və inkişaf strategiyası bu gün də davam edir və yaşayır. Çünki Azərbaycan dövlətçiliyinin sükanı etibarlı əllərdədir.
Leyla Nəsirova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qələbə” qəzetinin əməkdaşı