Biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik
Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə biz Azərbaycan xalqı olaraq düzgün seçim etmişdik. Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Əsası 1993-cü ildə qoyulmuş siyasətə 2003-cü ildə bir daha dəstək verildi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq ölkəmiz inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə hesab olunur. Dünyada beynəlxalq hüquq ancaq zəif ölkələr üçün işləyir. Böyük dövlətlər üçün isə sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, haqlı olaraq ədalət tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. 8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi Azərbaycanın böyük siyasi uğurudur. Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri biz o Bəyanata saldıra bilməzdik.
Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır. Dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var. İranla da iki keçid var. Bu, bizim suveren işimizdir. Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq. Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən marşrutun ən düzgün variant Mehri ərazisidir. Sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir.
Fevral ayında keçiriləcək seçkilər Azərbaycan tarixində bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilərin prezident seçkiləri olması daha uyğun hesab olunur. Cənab prezident bildirib ki, onun Prezident fəaliyyətinin 20 ilinin tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.
İlkin Quluzadə, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi