Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır
Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir şəxsiyyət kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq.
Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Cənab Prezident öz çıxışlarında hər zaman qeyd edirdi ki, məhz işğal siyasətinə görə Ermənistanı bütün regional layihələrdən təcrid edib. Dövlət başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Bu baxımdan da əminliklə deyə bilirik ki, Azərbaycanın qazandığı bu Qələbə, sadəcə, 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 20 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.
Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Göründüyü kim, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Əvvəlcə hərbi sahədə əldə etdiyimiz uğurları dəyərləndirərkən bir neçə məqamları vurğulamaq lazımdır. Əvvəla hər rayonun, kəndin azad edilməsi ilə bölgədə aşkarlanan nəhəng hərbi istehkamlar, məhv edilmiş və ya götürülmüş hərbi texnika, silah-sursat açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan Ordusunun qarşısında illər ərzində yüksək dərəcədə təşkilatlanmış güclü düşmən olub. Belə ki, mənfur düşmən qarşı tərəfin maksimum itki verməsi məqsədilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istehkamlar tikib və bunun üçün böyük məbləğdə vəsait sərf edib. Eyni zamanda, Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik olmaqla yanaşı, Ermənistan ordusunun zabitləri bir çox ölkələrdə təhsil alıblar, xidmət ediblər və müasir hərbi texnologiyaları, yenilikləri öyrəniblər. Otuz il ərzində Ermənistan hərbçiləri həmin ərazilərə dərindən bələd olublar. Qarabağı azad edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri isə ilk dəfə idi ki, həmin coğrafiyada vuruşurdular. Buna baxmayaraq, gənc zabit və əsgərlərimiz o dərəcədə əzmli və güclü, onların ürəklərində olan Vətən sevgisi isə o dərəcədə alovlu idi ki, bunun qarşısında heç bir silah-sursat tab gətirə bilmirdi. Bu baxımdan da Şuşanın azad edilməsi istiqamətində gedən əlbəyaxa döyüşlərdə hər bir erməni əsgər və zabiti fiziki cəhətdən elə məhv edilmişdi ki, sanki bu yolla mərd oğullarımız mənfur düşməndən Xocalı soyqırımının qisasını alırdı.
Bu gün dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə zəfər çalmış ölkə kimi tanıyır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən etibarən dövlət, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin demək olar ki, sıfırdan qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılması dövlətin qarşısında duran təməl prinsipləri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 ildə bu məsələlər daha da genişləndirilmiş, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırmışdır. Elə bunun məntiqi izahıdır ki, daha əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır. Dünya mətbuatı və xalqları Azərbaycanı XXI əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq kimi tanıyır. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir.
Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı