Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurları daimi olacaqdır
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafın təminatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu müqayisəli təhlili aparır ki, elə ölkələr var, iqtisadi inkişafı ilə diqqət çəkir, amma orada demokratik islahatlar aşağı səviyyədədir. Elə ölkələr də var ki, onlarda demokratik inkişaf geniş vüsət alsa da, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Həmin ölkələrdən fərqli olaraq Azərbaycanın bu vəhdəti qoruması beynəlxalq səviyyədə də təqdir olunur.
Ölkə Prezidenti İlham Əliyev müsahibələrinin birində “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirmişdir ki, şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Son 20 ildə müstəqil Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmizin inkişafı davamlı və hərtərəfli səciyyə daşıyıb, qazanılan uğurların miqyası getdikcə artıb. Bu da ilk növbədə o amillə şərtlənir ki, Prezident İlham Əliyev heç vaxt əldə olunan uğurlarla kifayətlənmir, daim daha yüksək zirvələri fəth etmək üçün qarşıya yeni məqsədlər qoyur, eyni zamanda hədəflərə çatmağın konseptual əsaslarını və praktiki yollarını müəyyənləşdirir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, son 20 ildə respublikamız islahatlar yolu ilə inkişaf edib. Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, son 20 ildə Azərbaycanda uğurla reallaşdırılan islahatlar, bir qayda olaraq, dərin konseptual əsaslandırmalar və yeni yanaşmalar əsasında hazırlanıb. İslahatlar hazırlanarkən və reallaşdırılarkən qlobal miqyasda meydana çıxan aktual çağırışlar və ölkəmizin potensialı mütləq nəzərə alınır. Əsas məqamlardan biri də ondan ibarətdir ki, islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurları daimi olacaqdır.
Rəfiqə Ağabəyova,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru, YAP fəalı