Sülh sazişinin şərtləri
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına noyabrın 23-də verdiyi, lakin dekabrın 9-da yayımlanan müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri və Cənubi Qafqaz gündəmi ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin sülh prosesinə sadiqliyinin yenidən bəyan edilməsidir. Ötən müddətdə iki region ölkəsi baxımından ən böyük hadisə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş nazirin aparatının birgə yaydığı açıqlamasıdır. Şübhəsiz, bu açıqlama əvvəlki gərginlik ritorikasını müəyyən qədər yumşaltma xarakterinə malikdir. Bununla belə, Prezident İlham Əliyevin toxunduğu xüsuslar hazırda yumşalma kimi görünən trayektoriyanın ahəngindən kənar deyil. Həm də ona görə kənar deyil ki, məlum birgə açıqlama yalnız xoş məram ifadəsidir. Yəni, başlıca məsələ məramın xoşluğunun əməldə də təsdiqini tapmasıdır.
Prezident İlham Əliyev “Euronews”a müsahibəsində ölkəmizin Ermənistanla sülh müstəvisində irəli sürdüyü beş prinsip üzərində də dayandı. Bunlar ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaları, gücdən istifadə etməmə, ərazi iddialarından daşınma, kommunikasiyaların açılması və münasibətlərin normallaşmasıdır. Bəs, nəyə görə ötən müddətdə bu beş prinsip üzrə irəliləyiş əldə olunmayıb? Çünki İrəvan konstruktiv mövqe tutmayıb. Qeyri-konstruktivliyin ən böyük göstəricisi isə Ermənistanın sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəməsi olub.
Ermənistan ötən üç ildə sülh sazişinə Qarabağ erməniləri ilə bağlı müddəa əlavə etmək istəyibsə, separatçılığın ləğvindən sonra onların bölgəyə yenidən qayıdışı üzərinə fokuslanıbsa, üstəlik, bütün bunlar Qərb dünyasının aktiv lobbiçiliyi müstəvisində həyata keçirilibsə, indi də eyni “aktivliyi” görürük. Hazırda Qərb dünyasının Azərbaycan–Ermənistan münasibətləri və sülh gündəliyi xüsusunda irəli sürdüyü, Paşinyan və komandasının da üzərində dayandığı konkret məsələ var. Söhbət Naxçıvana gedən yoldan gedir. “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında Naxçıvana asan - heç bir gömrük və sərhəd nəzarəti olmayan yolun Azərbaycanın legitim hüququ olduğunu deyən dövlətimizin başçısının daha bir fikrinə diqqət yetirək: “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.
Deməli, faktiki olaraq, Naxçıvana yol Bakı–İrəvan sülh tənzimləməsinin indiyədək qarşıya çıxan üçüncü maneəsidir. Yəni, ölkəmiz iki maneəni aşıb. Heç şübhəsiz, bu əngəl də aradan qalxacaq. Çünki Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti prinsipial mövqeyinə sadiqdir. Ölkəmizin liderinin “Euronews” televiziyasına müsahibəsində də həmin prinsipial, eyni zamanda, ədalətli mövqe bir daha ifadəsini tapdı. Özü də qətiyyətli şəkildə.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı