Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir
Azərbaycanla ikitərəfli siyasi, mədəni və iqtisadi əlaqələri möhkəmlənən dövlətlərdən biri də Serbiyadır. Serbiya-Azərbaycan əlaqələri dinamik şəkildə və sürətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlıq əlaqələrinin davamlı inkişafının təsdiqidir. Serbiya-Azərbaycan Prezidentlərinin şəxsi dostluq münasibətləri böyük dərəcədə ölkələr arasında əlaqələrinin inkişafına xidmət edir.
İki ölkənin dövlət başçıları səviyyəsində son illər intensivləşən qarşılıqlı səfərlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün zəmin yaradıb. Dövlətimizin başçısının Serbiyanın paytaxtı Belqrad şəhərinə 10 dekabr tarixli səfəri də məhz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxtda təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı da tarixi hadisə oldu. Açılış mərsimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsi olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandığını, bu memorandumun səmərəli şəkildə icra edildiyini, bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini 2 dəfə artırmalı olduğunu, interkonnektorun fəaliyyətinin ölkələrin sənaye inkişafına böyük töhfə verəcəyini və digər məsələlərə toxundu.
Ölkəmizin başçısı İlham Əliyev çıxışında həmçinin Azərbaycanın etibarlı tərəfdaş, dostluq ənənələrinə həmişə sadiq, dostluğu yüksək qiymətləndirən bir dövlət olduğunu, dostluğun, qarşılıqlı anlaşmanın, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələrin bir çox ölkələrin maraqlarını təmin etdiyini xatırladaraq dedi: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”.
Serbiya-Azərbaycan dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Bu gün təbii qazımız 8 ölkəyə ixrac edilir və Serbiya 9-cu ölkədir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir.
Beləliklə, Azərbaycanın enerji ixracı marşrutunun coğrafiyası günü-gündən genişlənir. Bu, həm də Avropada etibarlı dostlarımızın sayını artırır. Dünya nizamı pozulmuş müasir beynəlxalq birlikdə dostlarımızın sayının artması ölkəmizin mövqelərini daha da möhkəmləndirir.
Adilə Mirzəxanlı,
Salyan rayonu, YAP fəalı