Ulu Öndər xarizması.
Ulu öndər Heydər Əliyev dahi vətənpərvər idi. O, heç vaxt xalqı çağırışlarla, şüarlarla yükləmirdi. Böyük dövlət adamı, sadəcə olaraq, Azərbaycanı təmənnasız bir istəklə sevir və hər addımında bu sevgi uğrunda istənilən fədakarlığa hazır olduğunu sübut edirdi.Dərin zəkası və xalq sevgisi ilə əksər yaşıdlarından seçilən Heydər Əliyev gənc yaşlarından Kommunist Partiyasının sıralarına qoşulmuşdu. O zamanlar, təbii ki, dövrün xarakterinə uyğun olaraq tapşırıqlar, göstərişlər və ideoloji tezislər yuxarıdan gəlirdi və qeyd-şərtsiz yerinə yetirilməli idi. Ulu öndərimiz belə məqamlarda heç vaxt ədalət hissini itirmir, həmişə öz vicdanının səsinə qulaq asırdı. Etiraf edək ki, yuxarıların göstərişinə “yaradıcı yanaşmaq” çox təhlükəli idi. Böyük siyasi xadim bu cür “yaradıcı yanaşma”larını yuxarıların və bədxahlarının nəzər-diqqətindən məharətlə yayındırmağı da bacarırdı.Ümummilli lider Heydər Əliyevin şəxsiyyəti və xarizması hesabına mürəkkəb bir regionda yerləşən kiçik Azərbaycan böyüdü və möhtəşəm uğurlara imza atdı, hətta nəhəng dövlətlər müstəqil Azərbaycanın mövqeyi ilə hesablaşmağa başladı.Gələcək Heydər Əliyevin ölməz ideyalarınındır. Bu, sadəcə olaraq, ona şəxsi simpatiyası olan bir qələm adamının bəlağəti deyil, ciddi sosial-siyasi və elmi-politoloji əsasları olan bir qənaətdir. Reallıq bundan ibarətdir ki, H. Əliyevin siyasi kursundan kənarda Azərbaycanın dövlət müstəqilliyi təsəvvür olunmur. Müasir dünyada baş verən hadisələr, ayrı-ayrı ölkələrdəki dağıdıcı proseslər Heydər Əliyev siyasi kursunun Azərbaycanda davam etməsinin vacibliyini bir daha sübut edir. Bu gün Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Prezidentimizin rəhbərliyi altında islahatlar geniş miqyas alıb. Ona xalqın etimadı sonsuz və tükənməzdir.Əminəm ki, ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyevin dəsti-xətti ilə daha da zənginləşəcək və müstəqilliyimizin təminatçısı statusunu qoruyub saxlayacaqdır.
Azər Qəhrəmanov
YAP Şəmkir Rayon Təşkilatı Aparatının Məsləhətçisi