Ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.
Azərbaycan tarixində intibah dövrü və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz əbədiyaşar liderimizin sayəsində əbədi və dönməz xarakter alıb. Dövrünün ən nüfuzlu siyasətçisi olan Heydər Əliyev Azərbaycanın dünyada tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması istiqamətində məqsədyönlü iş aparıb. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həll olunması məqsədilə bütün qüvvələri səfərbər edən Ümummilli Lider tarixi ədalətin bərpası üçün fədakarlıqla çalışıb, yüksək əzmkarlıq göstərib. Ulu Öndərin memarı olduğu güclü Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa etməyə müvəffəq olduğunu bütün dünyaya sübut etdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb.
Bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Beləcə, Heydər Əliyev canından artıq sevdiyi vətənini böyük bəladan xilas etməklə, Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi, Azərbaycanı boyük və işıqlı inkişaf yoluna çıxartdı. Ulu Öndər bütün dünyaya göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir. Bu gün Müstəqil Azərbaycan Respublikası Heydər Əliyev ideyaları ilə yaşayır və Ulu öndərin dövlət quruculuğunda qoyduğu tarixi ənənə Ölkə başçımız cənab İlham Əliyev tərəfindən Azərbaycan xalqı ilə birgə uğurla həyata keçirilir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Vüqar Ağayev,
YAP Salyan rayon təşkilatının məsləhətçisi