Dayanıqlı inkişafının bünövrəsini qoymuş illər
Elə şəxsiyyətlər vardır ki, onların böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.
Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycan tarixində intibah dövrü və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz əbədiyaşar liderimizin sayəsində əbədi və dönməz xarakter alıb. Dövrünün ən nüfuzlu siyasətçisi olan Heydər Əliyev Azərbaycanın dünyada tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması istiqamətində məqsədyönlü iş aparıb.
Ulu Öndər diplomatik yolla 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə edilməsi istiqamətində mühüm addımlar atdı. Bütün gücünü və diqqətini ordu quruculuğuna yönəldən Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq. Bu, Heydər Əliyevin ən böyük arzusu idi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar apardı. Qırx dörd günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu dilə gətirdi.
Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır.
Sahib Nağıyev,
Salyan şəhər 1 saylı məktəb-liseyin direktoru, YAP fəalı