Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Müstəqil Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir. Onların hərtərəfli inkişafı, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaratmışdır. Gənclər isə dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışmışlar. Məhz həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır. Bu, faktdır ki, Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində hər zaman fəal iştirakı ilə seçilir.
Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu, Azərbaycanı uğurlu gələcəyə aparan bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, onların qısa müddətdə reallaşdırılması dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmçinin gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişməsi, müxtəlif xarici ölkələrdə təhsil alması bu sosial təbəqəyə göstərilən qayğı və diqqətin təqdirəlayiq nəticəsidir.
Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Son illər gənclərimiz ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bunun nəticəsi kimi, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclər siyasətinin əsas prinsiplərindən biri millətinə və dövlətinə sadiq bir gənc nəsil yetişdirmək idi ki, “Vətən Müharibəsi” bu məqsədin hasil olduğunu göstərdi. Bir sözlə, gənclər siyasəti ilə bağlı görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə ölkəmizin gələcək inkişafının möhkəm əllərdə olacağına böyük əminlik yaradır.
Rəfiqə Ağabəyova,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru, YAP fəalı