Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur
Azərbaycanın qədim, əzəli torpaqlarında özlərinə dövlət quran mənfur ermənilər mövcud olduqları gündən etibarən Azərbaycan xalqına qarşı hər zaman kin-küdurət bəsləmiş, xəbis, pis niyyətlərini heç vaxt gizlətməmişlər. Müxtəlif dövrlərdə mərhələli şəkildə xalqımıza qarşı təcavüzlər, soyqırımları törətmiş, zaman-zaman düşmənçilik əməllərini həyata keçirmişlər. Azərbaycanlılar tarixin müxtəlif dövrlərində öz doğma yurd yerlərindən məqsədyönlü şəkildə didərgin salınmış və deportasiya olunmuşlar. XX əsrin sonlarında isə alçaq niyyətlərinin, rəzilliklərinin son həddinə çataraq ərazi bütövlüyümüzü pozmuş, torpaqlarımızın 20 faizindən çoxunu işğal etmişlər. Həmin illərdə düşmənin planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, minlərlə insan hərbi əməliyyatlar nəticəsində həlak olmuş, itkin düşmüş, ermənilər tərəfindən əsir və girov götürülmüşdür.
Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın vəziyyəti son dərəcə mürəkkəb və ümidsiz idi. Respublika daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən ermənilər "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq xəyalı ilə daha geniş əraziləri zəbt etməyi planlaşdırırdılar. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz idi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırır, xalqla dövlət arasındakı uçurumu daha da dərinləşdirirdi. Bu dövrdə Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı, xalqı və dövləti labüd fəlakətdən xilas etdi.
Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin dünya birliyində mövqeyinin güclənməsinə imkan verdi. Bütün bunlarla yanaşı, ümummilli lider 1988-1992-ci illərdə öz tarixi yurd yerlərindən didərgin salınan azərbaycanlıların respublikamızın müxtəlif bölgələrində yerləşdirilməsini, onların problemlərinin həllini xüsusi olaraq nəzarətində saxlayırdı. Ulu öndərin müdrikliklə həyata keçirdiyi uzaqgörən siyasətində əsas məsələlərdən biri yurd-yuvalarından didərgin düşmüş insanların həyat səviyyəsini yaxşılaşdırmaq, müvəqqəti yerləşdikləri yerlərdə onları maksimum şəraitlə təmin etmək idi. Bu məqsədlə, ölkə başçısının göstərişilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılmış, ulu öndər Heydər Əliyev tərəfindən çox sayda fərman və sərəncamlar imzalanmışdır. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq olunmuş, "Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu" yaradılmış, bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Ulu öndərin 2001-ci il 22 avqust tarixli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Fərmanı bu istiqamətdə atılmış mühüm addımlardandır.
Ulu Öndər Heydər Əliyev deyirdi: “İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”. Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı. 2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri üçün kompensasiya 120 dəfə artırılmışdır.
Ulu Öndər Heydər Əliyevin gündəliyində duran milli prioritet isə torpaqlarımızın işğaldan azad edilməsi və yurdlarından zorla didərgin salınan vətəndaşlarımızın tarixi torpaqlarına qayıdışı idi. Gec və ya tez Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə qəti şəkildə əmin olan Heydər Əliyev bu sarsılmaz inamını belə ifadə etmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".
Ümummilli Liderin ümid və inamla dolu həmin tarixi çıxışındakı arzusunu isə fenomen şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 2020-ci ildə qətiyyətlə gerçəkləşdirdi. 44 günlük Vətən müharibəsi zamanı "dəmir yumruğu"nun bir həmləsi ilə düşməni məğlubiyyətə uğradan Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı 30 illik erməni işğalından azad etdi, yurdlarından didərgin salınmış keçmiş məcburi köçkünlərin vətən həsrətinə son qoydu.
Bir məqamı da vurğulayaq ki, hələ torpaqlarımız işğalda olduğu müddət ərzində də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqətində idi. Təkcə bu nümunələri gətirək ki, dövlət başçısı İlham Əliyev 2003-2007-ci illər ərzində Azərbaycanda bütün çadır şəhərciklərini ləğv etmiş, eləcə də 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salınmışdı.
Vətən müharibəsindən dərhal sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad edilmiş torpaqlara yenidən həyatı qaytarmaq üçün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və quruculuq işlərinə start verilib. Hazırda 30 il ərzində düşmənin viranə qoyduğu yurdlarımız əsl cənnətməkana çevrilir. İşğaldan azad edilən torpaqlarımızda müasir infrastruktur qurulur, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Artıq Böyük qayıdışa da uğurlu start verilib və "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulmuş Zəngilanın Ağalı kəndinin sakinləri öz isti od-ocaqlarına qayıdaraq xoşbəxt həyata başlayıblar. Soydaşlarımızın qayıdış ünvanlarının sayı gündən-günə artır. Hazırda Talış kəndi, Laçın və Füzuli şəhərləri mərhələli şəkildə sakinlərinə qovuşurlar. Tezliklə digər işğaldan azad olunan rayonlarımıza da qayıdış köçü başlayacaq.
Bir sözlə, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir. Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir.
Qurban Rzayev,
YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilatı sədri