Həmrəylik və birlik nümunəsi
Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir.
Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.Biz bu birliyin və həmrəyliyin ən gözəl nümunəsini 2 il bundan öncə başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı da gördük. Uzun illər ərzində Azərbaycançılıq ideologiyasının təşviq edilməsinin faktiki nəticəsi bu müharibədə özünü göstərdi. Millətindən asılı olmayaraq hər kəs silaha sarılaraq vətəninin müdafiəsinə qalxdı və Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu. Bu, çox önəmli bir hadisə idi. Beləliklə Azərbaycan öz güc və qüdrətini həm də tolerantlıq və multikulturalizm siyasətinin təşviq olunmasına yönəldərək çoxşaxəli inkişaf yolunu tutdu. Tarixən formalaşan milli və dini tolerantlıq konsepsiyası müasir və çağdaş trendlərlə birləşdirilərək ölkəmizin inkişafı üçün daha da geniş vüsət alacaq və Azərbaycandakı bu siyasətin örnək olması dünyanın müxtəlif auditoriyalarda təsbit ediləcək.
Azər Qəhrəmanov
YAP Şəmkir Rayon Təşkilatı Aparatının Məsləhətçisi