Salyanda şəhidlərin anım günlərində xatirələri ehtiramla yad edilir
Dekabrın 7-də Salyanda 44 günlük Vətən Müharibəsi şəhidləri, Camalzadə Famil Hicran oğlunun və Nağıyev Nicat İbrahim oğlunun anım günləri ilə əlaqədar məzarları və ailələri ziyarət olunub. Ziyarətdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Millət Vəkili Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, şəhid valideyinləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılıb, xatirələri yad edilib. Qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



