PREZİDENT SEÇKİLƏRİ TARİXİNDƏ BİR İLK: SƏSVERMƏ AZƏRBAYCANIN BÜTÜN ƏRAZİSİNDƏ KEÇİRİLƏCƏK
2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində bir ilk yaşanacaq. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində, kənd, qəsəbə və şəhərlərində keçiriləcək.
Sfera.az xatırladır ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən İkinci Qarabağ müharibəsindən və bu il sentyabrın 19-20-də Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra uzun müddət işğal altında qalan torpaqlarımız işğalçı qüvvələrdən təmizləndi, ölkə ərazisində dövlət suverenliyi tam təmin olundu. İkinci Qarabağ müharibəsinə qədər 900 yaşayış məntəqəsi, o cümlədən 10 rayon, bir respublika tabeli şəhər işğal altında idi. Həmin ərazilərdə təxminən 30 ilə yaxın müddətdə seçki keçirmək mümkün olmamışdı.
Ərazilərimizin işğaldan azad edilməsi həmvətənlərimizə öz dogma yurd-yuvalarına qayıtmaq imkanı yaratdı və artıq bir neçə min insan işğaldan azad edilən ərazilərdəki yaşayış məntəqələrinə köçüb. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə keçiriləcək ilk seçkiləri əlamətdar edən hadisələrdən biri də səsvermə prosesinin həm də işğaldan azad edilən ərazilərdə təşkil edilməsi olacaq. Buna görə də gələn ilin fevralında baş tutacaq növbədənkənar prezident seçkiləri böyük ictimai-siyasi məna da kəsb edəcək.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da növbədənkar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısının sərəncamının siyasi və tarixi əhəmiyyətinin olduğunu vurğuladı.
Sərəncamı yüksək dəyərləndirdiyini bildirən F.Ağamalı ölkənin bütün ərazisində seçki prosesinin baş tutmasını önəmli hadisə adlandırdı:
“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq keçiriləcək prezident seçkiləri bütün ölkə ərazisində, bütünləşən Azərbaycan ərazisində keçiriləcək. Bu baxımdan xüsusi olaraq sevindirici və önəmli hadisədir. Millətimiz və dövlətimiz üçün uğurlu və düşərli olsun”.
F.Ağamalı vurğuladı ki, rəhbərlik etdiyi siyasi təşkilat da bu proseslərin içində olacaq: “Qurultayımızı çağırmaq niyyətindəyik və qurultayda ənənəmizə sadiq qalaraq Cənab İlham Əliyevin namizədliyini irəli sürəcəyik, ümumxalq mübarizəsinin içində yer alacağıq”.