Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır
Bu gün Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 3 il vaxt keçir. 2020-ci ilin 25 noyabrında Kəlbəcər 10 noyabr müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycana qaytarıldı və kəlbəcərlilər öz dədə-baba yurdlarına getmək imkanı qazandılar. Kəlbəcər rayonunun azad edilməsi münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyev müraciətində Azərbaycan xalqını ürəkdən təbrik etməklə yanaşı, bildirmişdi ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Ancaq indi Kəlbəcər azaddır və uzun illərin həsrətinə son qoyuldu. Heç şübhə yoxdur ki, işğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də tezliklə Azərbaycanın inkişaf etmiş güşələrindən birinə çevriləcək, erməni vandalizminin izləri ancaq tarixin arxivlərində qalacaq.
Birinci Qarabağ savaşında 488 nəfər, Vətən müharibəsində isə 35 nəfər şəhid verən Kəlbəcərin bir güllə atılmadan azad olunması cənab İlham Əliyevin əzəmətli diplomatiyasının bariz nümunəsi, uğurlu nəticəsidir. Azərbaycanın Ermənistanla sərhədboyu ən uzun məsafəyə - 136 kilometrlik bu sərhəd xəttinə malik Kəlbəcərdə üçrəngli müqəddəs bayrağımızın dalğalanmasının həm də böyük rəmzi mənası, mühüm strateji əhəmiyyəti var.
Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır.
Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti özünə qaytarılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olub.
2023-cü ilin may ayının 27 -də isə cənab Preizdent Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin, İlk yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəb binasının təməlqoyma, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik Stansiyasalarının, Hərbi hospitalın açılış mərasimlərində iştirak etmiş, Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olmuşdur.
2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin, 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində bütün keçmiş məcburi köçkünlər, o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.
Nəcəf Kərimov,
Salyan rayon Kərimbəyli kənd İƏD üzrə nümayəndənin müavini,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı