Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb
Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Qonaqlar Baş Prokurorluğun yeni inzibati binası və “Zəfər” muzeyi ilə tanış olublar, ölkəmizin prokurorluq orqanlarının fəaliyyəti barədə geniş təqdimat keçirilib.
Ali Məhkəmədə keçirilən görüşdə ölkəmizin məhkəmə sistemi barədə geniş məlumat verilib, son dövrlər aparılan islahatlar diqqətə çatdırılıb.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən eksponatlar barədə ətraflı məlumat verilib.
Türkiyəli hakim və prokurorlar 44 günlük Vətən müharibəsi zamanı müzəffər ordumuzun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”-nda olub, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Şirvanşahlar Sarayı Kompleksini və Qız Qalasını ziyarət edərək, UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başa çatıb.