Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Dövlət başçısı İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir açılış mərasimindəki çıxışlarında bu mühüm layihənin perspektivlərindən geniş bəhs etdilər. Ölkəmizlə əməkdaşlığa verilən önəm səsləndirilən hər bir fikirdə özünün aydın ifadəsini tapdı. Təbii ki, Azərbaycanın böyük etimada nail olmasında yürütdüyü siyasət mühüm rol oynayır. Prezident İlham Əliyev son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyacın olduğuna diqqət çəkdi. Məlum olduğu kimi Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Azərbaycan neft və qazına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi ölkəmiz neft və qazı müxtəlif istiqamətlərə ixrac edir. Azərbaycanın bu istiqamətdə əsas məqsədi daha geniş regionun enerji təhlükəsizliyinə əlavə töhfə verməkdir. Odur ki, əsas daşıma infrastrukturu, Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3500 kilometrlik qaz boru kəməri vaxtında istismara verilib. Azərbaycanın iqtisadiyyatı çox sabitdir. Son 20 il ərzində ümumi daxili məhsulumuz dörd dəfədən çox artıb. Birbaşa xarici borcumuzu ümumi daxili məhsulun 10 faizindən aşağı səviyyəyə salmağa və iyirmi il bundan əvvəl 50 faizə yaxın olan yoxsulluq səviyyəsini 5,5 faizə endirməyə nail olmuşuq. Bu onu göstərir ki, neft və qaz ixracından daxil olan gəlirlərin ədalətli paylanılması tamamilə yeni reallığı yaradır.
Əsas hədəflərdən biri də budur ki, növbəti illərdə milli enerji şəbəkəsinin gücləndirilməsini təmin etmək üçün dövlət proqramı icra ediləcək. Bu, çox vacibdir. “Çünki mən bizim yalnız “Masdar” şirkəti ilə icra etməyi planlaşdırdığımız layihələri qeyd etdim. Bir çox digər investisiya təklifləri var və onların bəziləri artıq icra mərhələsindədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, əlbəttə, milli enerji şəbəkəsini gücləndirməliyik
Prezident İlham Əliyevin həyata keçirdiyi effektiv siyasət və siyasi iradəsi, eləcə də cəmiyyətdəki birlik bütün hədəflərə nail olmaq üçün zəmin yaradır. Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi də buna bariz nümunədir. Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsi əlamətdar nailiyyətdir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcıdır. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında imzalanmış müqavilələrə əsasən Neftçala rayonunun Bankə qəsəbəsində və Biləsuvar rayonunda Günəş elektrik stansiyaları, həmçinin Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi stansiyası yaradılacaqdır. Nəticədə isə 1 qiqavat bərpaolunan enerji istehsalı mümkün olacaqdır. Bir sözlə, Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Bütün bunlar isə Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Həmçinin Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı fəal şəkildə inkişaf etdirilir ki, bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı