Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır
Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə sınağa çəkildiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji təhlükəsizliyi modelidir. Bu model enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsidir. Enerji keçidi prosesinin rasional idarə edilməsidir. Ona görə də bu gün Azərbaycan enerji böhranı yaşamır. Enerji müstəqilliyi tam təmin edilib. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Ölkəmizin neft-qazdan sonra bərpaolunan mənbələrə əsaslanan elektrik enerjisi ilə aparıcı mövqeyə yüksəlməsi günün tələbidir. Bir tərəfdən ətraf mühiti qorumaq daha "təmiz enerji" mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Ona görə də həm daxili, həm də xaricdə enerji gücümüzə olan tələbat milli elektroenergetika sisteminin daha da gücləndirilməsini və transformativ prosesləri labüd vəziyyətə gətirir. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda çox mühüm tədbirlər təsbit edilmişdir. Həmçinin, Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin "yaşıl enerji" zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir.
Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur. Belə ki, Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda isə külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəfi çərçivəsində Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyuldu. Ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihlər çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.
Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji növləri istehsal etmək üçün böyük potensiala malikdir. Xəzərsahili ərazilərimizin və dağlıq bölgələrimizin küləkli, diyarımızın bütövlükdə günəşli olması, bolsulu çaylarımızın çoxlugu yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir. Buna görə də dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Bunun digər əsaslı səbəbləri də var. Dövlət başçısının dediyi kimi: “Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır”.
Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və gələcəkdə digər bazarlara da çıxacaq. Bu baxımdan hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır. 26 oktyabrda ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı edilən Qaradağ Günəş-Elektrik Stansiyası da bu baxımdan öz növbəsində həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarını genişləndirəcək. Açılış mərasimində bu layihənin regionun enerji inkişafında tam bir inqilab olacağını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, “İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir”.
Prezident həmçinin qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır: “Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Biz artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verimişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub”, – deyə dövlətimizin başçısı bildirib.
Bilal Ələkbərov,
Salyan Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru, YAP fəalı