Qubadlı Böyük Qayıdışa sürətlə hazırlaşır
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində erməni işğalından azad edildi. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatına əhəmiyyətli dönüş nöqtəsi kimi düşdü. Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.
Bu gün Qubadlının işğaldan azad edilməsindən 3 il ötür. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan öz maliyyəsi hesabına üç ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirir. Tarixi ərazilərimizə səfərləri zamanı dövlət başçısı İlham Əliyev yeni obyektlərin təməllərini atır, açılışlar edir. Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib. Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi hal alan səfərləri də əyani şəkildə təsdiqləyir ki, bu yurdların bərpasını, burada zəruri infrastruktur quruculuğunu öz gündəliyinin mərkəzində saxlayır. Bu il mayın 4-də isə dövlətimizin başçısı Qubadlı rayonunun bir sıra kəndlərinin, o cümlədən Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak etmişdir. Yeni salınan ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Baş plana uyğun salınan məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır. Məhəllədə ümumilikdə 156 mənzilin (ikiotaqlı, üçotaqlı, dördotaqlı, beşotaqlı) tikintisi nəzərdə tutulur. Həmçinin, Qubadlı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə inzibati binanın və 600 şagird yerlik tam orta məktəb binasının, rayon Mərkəzi Xəstəxanasının da təməli qoyulub. Məktəbin Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacağı planlaşdırılıb. 91 çarpayılıq səhiyyə ocağı isə 4,5 hektardan çox ərazidə tikiləcəkdir. May ayının 4-də eyni zamanda, Dövlət başçısı Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoymuşdur. Xanlıq kəndi rayon mərkəzindən 16 kilometr məsafədə, Həkəri çayının sahilində yerləşir. Layihələndirilən ərazi Xanlıq kəndinin köhnə ərazisini əhatə edir və ümumilikdə 273 hektardan çoxdur. Birinci mərhələdə kəndə 1357 nəfərin köçürülməsi üçün 356 fərdi evin tikintisi nəzərdə tutulur.
Mahruzlu kəndi isə rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi, gələcəkdə burada ümumilikdə 690 ailənin yaşaması planda tutulub.Kənddə məktəb binası,uşaq bağçası,inzibati bina,klub icma mərkəzi,çoxfunksiyalı bina,bazar kompleksi,sənətkarlıq emalatxanası,tibb məntəqəsi,mərasim zalıda yaradılacaqdır.
Zilanlı kəndi rayon mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir və Ağalı kəndi ilə qonşu olan kənddir. Layihələndirilən ümumi ərazisi isə 180 hektardan ibarətdir. Birinci mərhələdə burada 159 evin tikintisi nəzərdə tutulub. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib və gələcəkdə burada 630 ailənin yaşaması planlaşdırılıb.
Bir sözlə, artıq üç ildir azad olan Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır. Göründüyü kimi, dövlət başçısının azad edilmiş rayonlara səfəri hər dəfə öz məhsuldarlığı ilə yadda qalır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı tədbirlər azad olunan rayonların sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığının təmin olunmasına xidmət edir.
Könül Qəfərova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı