Yenidən qurulan Qubadlı tezliklə sakinlərini qarşılayacaq
Bu gün Qubadlı Şəhəri Günüdür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir. Qubadlı rayonunda həyata keçirilən bərpa işlərini Prezident İlham Əliyev şəxsi nəzarətində saxlayır. Bu məqsədlə ölkə başçısı bu bölgəyə tez-tez səfərlər edir, görülən işlərlərlə tanış olur, müvafiq tapşırıq və tövsiyyələrini verir. Belə ki, 2021-ci ilin 25 oktyabrında Prezident İlham Əliyev Qubadlı rayonunda səfərdə olub. Dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edib. Sonra Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Həmçinin, dövlət başçısı 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər edib. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində də iştirak edib.
Bundan başqa, bu il may ayının 4-də Prezident İlham Əliyev Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimlərində iştirak edib. Bildirilib ki, yeni salınacaq yaşayış məntəqələrində məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq. Ümumiyyətlə, bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.
Həmin gün dövlət başçısı, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 600 şagird yerlik tam orta məktəb binasının da təməlinin qoyulması mərasimlərində iştirak edib. Prezident, həmçinin Qubadlı şəhərində tikiləcək inzibati binanın da təməlini qoyub. Məlumat verilib ki, inzibati binanın inşasında metal konstruksiyalardan istifadə olunacaq. Fasad həlli və yastı dam günəş panellərinin quraşdırılması, həmçinin yaşıl elementlərin orqanik şəkildə inteqrasiya olunmasına imkan verəcək.
Bir sözlə, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda böyük infrastruktur layihələr uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasəti nəticəsində Qubadlı rayonu və eləcə də işğaldan azad olunmuş torpaqlarımız yenidən qurularaq sakinlərinin istifadəsinə veriləcəkdir.
İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı