Qubadlıda quruculuq işləri sürətlə davam edir
Vətən müharibəsi tariximizin ən şərəfli, ləyaqətli və qürurlu səhifəsidir. Müzəffər, mükəmməl, peşəkar şanlı ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı murdar düşmənin tapdağından azad edib, ən keçilməz sədləri aşaraq işğalçıların ordusuna sarsıdıcı zərbələr endirib. Yurdumuzun ən gözəl guşələrindən olan Qubadlı istiqamətində də ağır və şiddətli döyüşlər aparılıb, Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi zərbələr vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyat anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuş, bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər ələ keçirilməliydi. Məhz buna görə, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ordumuzun bölmələri ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və digər strateji yüksəklikləri ələ keçirdi. 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və yüksək döyüş qabiliyyəti nəticəsində Qubadlı şəhəri düşməndən azad edildi.
Ermənistanın işğalı nəticəsində rayon əhalisinə və dövlətə böyük həcmdə ziyan vurulmuşdu. Həmin vaxt 30 min nəfərə yaxın əhali məcburi köçkünə çevrilmişdi. Rayonun işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılmış, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırmış, hər yeri viran qoymuşdular. 30 ilə yaxın ermənilər Qubadlıda nə qədər vandallıq və vəhşilik göstərsələr də bu yerlərdən azərbaycanlıların izini silə bilməyiblər.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qubadlı rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda infrastrukturun yenidən qurulması və bərpası, şəhərlərin Baş planlarının hazırlanması onu göstərdi ki, işğaldan azad edilən bütün yaşayış məntəqələri ən müasir texnologiyalarla inşa ediləcək. Azad edilən torpaqlarda minalar təmizləndikcə quruculuq işlərinə, ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələrin - elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının bölgənin gələcək inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşası davam etdirilir. Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Bu il mayın 4-də Prezident İlham Əliyev Laçın və Qubadlı rayonlarına səfər etmişdir. Qubadlı rayonuna səfəri zamanı Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak etmişdir.
Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu artıq özünün yeni inkişaf mərhələsini yaşayır. Belə ki, Qarabağın dirçəliş proqramı çərçivəsində Qubadlı rayonu üçün gələcək perspektiv inkişaf planı hazırlanır. Rayonun baş planı ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi, əvvəlki memarlığı nəzərə alınacaqdır. Hazırda rayon ərazisində çox möhtəşəm quruculuq, infrastruktur layihələr həyata keçirilir. Qubadlıda Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Möhtərəm Prezidentimiz Respublikamızın Birinci xanımı ilə Qubadlıya səfərlər etmiş və bu səfər proqramları çərçivəsində Qubadlı rayon sakinləri ilə Böyük Qayıdış və Qubadlı rayonun gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur. Əminik ki, ən yaxın vaxtlarda Qubadlı rayonunda həyata keçirilən quruculuq işləri yüksək səviyyədə yekunlaşacaq və Qubadlı əvvəlki sakinlərinə qovuşacaqdır.
Əlişir Əliyev,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi, YAP fəalı