Azərbaycan MDB ilə əməkdaşlığa böyük önəm verir
Azərbaycan Avrasiya miqyasında yaradılmış çoxsaylı əməkdaşlıq formatlarında təmsil olunur. Ölkəmiz bərabərhüquqlu əməkdaşlıq etməyə hazır olan bütün təşkilatlarla qarşılıqlı münasibətlərini daim inkişaf etdirir. MDB ölkələri ilə əməkdaşlıq da ölkəmizin xarici siyasət vektorlarından biri kimi daim inkişaf etdirilməkdədir.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 1991-ci il 21 dekabr tarixində isə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata Bəyannaməsini imzalamaqla, MDB-yə qoşulmaq barədə razılıq əldə etmişlər. 1991-ci ildə yaranmasına baxmayaraq Azərbaycan bu təşkilata yalnız 1993-cü ilin 24 sentyabrında üzv olmuşdur. Bu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atdığı ilkin strateji addımlardan biri idi. O zaman ölkəmizin MDB-yə üzv olmasına cəmiyyətin müxtəlif təbəqələri tərəfindən fərqli yanaşmalar vardı. Ümummilli Lider Heydər Əliyev Ermənistanın bu təşkilatda üzv olduğunu nəzərə alaraq bu təşkilat çərçivəsində Azərbaycana qarşı gözlənilən təzyiqlərin qarşısını almaq və birliyin imkanlarından maksimum dərəcədə Azərbaycanın mənafeyinə uyğun faydalanmaq məqsədilə belə bir strateji seçim etdi. Ulu Öndər Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən bəhs etmişdir. "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir. Azərbaycanda kommunist ideologiyası, kommunist rejimi bir daha bərpa olmayacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyətinin də fikri belədir. Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeliyinə düşməyəcək, öz müstəqilliyini daim qoruyacaqdır."
MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir. Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.
Bu gün Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir və bütün fəaliyyətində yalnız və yalnız öz milli maraqlarını rəhbər tutur. MDB-də Türk Dövlətləri Təşkilatında təmsil olunan dövlətlərlə koordinasiyalı şəkildə fəaliyyət ölkələrimizin bu qurum daxılində söz sahibi olmaq imkanlarını artırmaqla yanaşı, milli təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafına da zəmin yaradır.
Cənab Prezident İlham Əliyev MDB dövlət başçıları şurasının 13 oktyabr tarixində Bişkekdə keçirilən iclasındakı çıxışı zamanı bü məqama toxunaraq MDB ölkələri ilə iqtisadi və tranzit əlaqələrə xüsusi diqqət ayırıb. Bildirib ki, keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Qeyd edib ki, “Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”.
Həmçinin, Bişkək görüşü həm də üzv dövlətlərin 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə Azərbaycanın namizədliyini dəstəkləməsi ilə yadda qaldı. Sözsüz ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, MDB məkanında uğurlu qarşılıqlı fəaliyyəti də nümayiş etdirmiş olacaq.
Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı