Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı bizlərdə qürur hissi yaşadıq. Çünki Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müasir tariximizin əlamətdar günlərindən biri də Füzuli rayonunun və Füzuli şəhərinin erməni işğalından azad olduğu 17 oktyabr tarixidir.
28 il ərizndə erməni işğalı altında qalan, erməni vandalizminin bütün təzahürlərinə məruz qalan bu şəhər yerlə yeksan olunmuşdur. Qeyd edək ki, Füzuli rayonu 1993-cu il 23 avqust tarixində erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. O cümlədən Abşeron rayonu ərazisində 1552 ailə 5925 nəfər Füzuli rayonundan məcburi köçkün kimi müxtəlif kənd və qəsəbələrdə, həmçinin yataqxana, məktəb, uşaq bağçası, inzibati binalarda məskunlaşmışlar.
44 günlük müharibədə qazanılan qələbədən sonra məlum oldu ki, Füzuli rayonunun hər qarışı ermənilər tərəfindən minalanıb. Şəhərdə bir normal bina tapılmadı ki ora bayraq sancaq. Sanki erməni faşistləri bu şəhərdən xüsusi intiqam alırlarmış kimi yerlə yeksan etmişdilər.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində azad olunmuş torpaqlara Böyük Qayıdış başlamışdır. Digər işğaldan azad olunmuş rayonlarımızda olduğu kimi, cənab Prezident Füzulinin bərpa və yenidənqurmasına böyük diqqət və qayğı göstərir. Rayon işğaldan azad olunduqdan sonra cənab Prezident rayona 14 dəfə səfər etmiş, Artıq azad olunmuş rayonlarda bir çox yaşayış məntəqələrinin təməlqoyma mərasimi olmuşdur. Müxtəlif infrastruktur lahiyələr, tikinti işləri aparılır, Füzuli rayonunun baş planının təsdiqlənməsi, Ağdam-Füzuli avtomobil yolunun tikintisi, rayonda çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Bu gün Qarabağda aparılan quruculuq işləri ölkənin həyatına coxsaylı yeniliklər gətirəcək, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunacaqlar.
Aytac Kərimova,
Salyan rayon gənci