Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur
17 oktyabr Azərbaycanın hərb tarixində, qəhrəmanlıq salnaməsində əlamətdar səhifələrdən biridir. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üç il öncə Füzuli şəhərini işğalçılardan azad etdi və Azərbaycan tarixində əlamətdar günlərdən birinin əsasını qoydu. Füzuli Azərbaycanın qədim ərazilərindən biridir. Dünyanın ən qədim dördüncü tapıntısının olduğu Azıx mağarası Füzuli rayonu yaxınlığındadır. Məhz bu səbəbdən rayon mühüm strateji əhəmiyyət kəsb etməklə yanaşı, həm də milli-mənəvi dəyər baxımından da xalqımız üçün böyük əhəmiyyətə malikdir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikanın bütün sahələrində olduğu kimi hərbi sahədə də uğurlarımızın təməli qoyuldu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzuli rayonunun digər kəndlərinin işğaldan azad edilməsi Vətən Müharibəsinin ilk günlərinə təsadüf etdi. Belə ki bir-birinin ardınca Qaraxanbəyli, kənd Horadiz, Qaradağlı, Xatınbulaq, İşıqlı, Cuvarlı və s. kəndlər işğaldan azad edildi. Torpağımızın hər qarışı igid əsgər və zabitlərimizin qanı, canı hesabına azad edilirdi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada yüz mindən çox mina basdırılıb. Təbii ki, bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Burada da aparılan bütün işlər dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.
Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir. İşğaldan azad edilmiş bütün Azərbaycan torpaqlarında olduğu kimi , Füzulidə də geniş quruculuq işləri, Böyük Qayıdışa şərait yaradacaq tədbirlər sürətlə və uğurla həyata keçirilməkdədir. Füzuli şəhərinin Baş Planına əsasən, orada Qələbə parkı və Memorial parkı, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko-parkın salınması planlaşdırılıb. Bununla yanaşı, yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası nəzərdə tutulur. Baş Planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 2030-cu ilədək dayanıqlı inkişaf üçün 4 əsas istiqamət - idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit seçilib. Füzuli şəhərində hazırda intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Artıq Füzuliyə ilk sakinlər köçməyə də başlayıb. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq. Bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq.
Qarabağ bərpa olunur və yenidən qurulur. Artıq 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə öz dogma yurdlarına qayıdırlar. Bu dəfə daimi .
Abdulla Əliyev,
Sarvan kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı