Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir siyasi qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.
Yeni Azərbaycan Partiyasının yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. Bildiyimiz kimi, YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilmişdir. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edilmiş, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaranmışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 20 ildə bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Hər zaman vurğulandığı kimi, bu, sadəcə bir statistika deyil, xalqımızın Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstəyinin ifadəsidir.
Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın daha da güclənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın rifahının yaxşılaşmasına öz töhfələrini verməyə səy göstərir. Partiyanın tutduğu yola sadiqliyinə, dövlətə, xalqa bağlılığına və xidmətinə söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik nailiyyətlər qazanıb. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib. Bu gün Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki Azərbaycanın siyasi palitrasının, eyni zamanda, regionun ən böyük və güclü partiyasıdır.
Özündə yüksək intellektual potensialı birləşdirən partiyanın fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd etmək lazımdır. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.
Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə şahidlik etdi. Cəbhədən gələn qələbə müjdələri, qazanılan Tarixi Zəfər partiyanın çoxminli üzvləri tərəfindən böyük coşqu ilə qarşılandı. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə həmrəyliyinin nümayişi oldu.
Torpaqlarını azad edən Azərbaycan bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni dövr cəmiyyətimiz, o cümlədən hakim Yeni Azərbaycan Partiyası qarşısında yeni vəzifələr, hədəflər müəyyənləşdirir. Partiyanın 2021-ci il martın 5-də keçirilən VII Qurultayında dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev çıxışı zamanı Vətən müharibəsində qazandığımız möhtəşəm qələbənin bölgədə yeni reallıqlar yaratdığını vurğulayaraq, qarşıya qoyulan vəzifələrdən danışdı və bildirdi ki, yeni reallıqlar daha səylə çalışmağı bir tələb kimi qarşıya qoyur: “Hesab edirəm ki, Partiya yenilənmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zaman dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, Partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, Partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, Partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm”.
Beləliklə, 31 illik şərəfli yol qət edən Yeni Azərbaycan Partiyası daha güclü Azərbaycan naminə yeni hədəflərə doğru uğurla irəliləyir. Ulu Öndərin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü müstəqilliyimizin xilaskarı, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, qalib Prezident, cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaqdan qürur hissi keçirir, ölkəmizin həyatında başlanan yeni mərhələyə-işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə öz töhfələrini verməyə səy göstərirlər.
Vüqar Ağayev
YAP Salyan rayon təşkilatının məsləhətçisi