Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır
Yazıma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə başlamaq istəyirəm: "Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb".
Bəli, Azərbaycanın bu gününü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə böyük əminliklə qeyd edirik ki, bir dövlət olaraq varlığımızın, müstəqilliyimizin qorunması və əbədi olması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü Azərbaycanın bu günü və gələcəyi ilə bağlı qərarlarla, təşəbbüslərlə, biri-birindən mühüm addımlarla zəngindir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini ifadə edən amillərdən biri də 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə milli iqtisadi inkişafın təməlinin qoyulması oldu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu.
Ümumilikdə “Əsrin müqaviləsi” Azərbaycanın dünəninə baxış fonunda gələcəyinin təqdimatıdır. Bu baxımdan ki, ölkəmiz daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana artan maraq uğurlarımızın xronologiyasında özünün aydın ifadəsini tapır. Təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının 29 ildə müasir müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır.
Ulu Öndərin müyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparır. Son 20 ildə ümummilli lider Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciətində inamla səsləndirdiyi fikirləri reallığa çevirdi. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı, Prezident İlham Əliyev isə torpaqlarımızın xilskarı kimi yazdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində uğurla addımlayan, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırlıq işlərini yüksək səviyyədə həyata keçirən, beynəlxalq nüfuzunu möhkəmləndirən, ordu quruculuğu sahəsində davamlı addımlar atan Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində Zəfər tarixini yazdı.
Artıq üç ilə yaxındır ki, ölkəmizin həyatında yeni dövr başlayıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır.
Sonda əminliklə qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə da Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk.
Emin Ağayev,
Salyan rayonu Kürqaraqaşlı kəndi, gənc YAP fəalı