Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır
Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliy dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq, yenə də az olar. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.
Dövlətçilik salnaməmizdə silinməz iz qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Təqvimimizin ulu öndər Heydər Əliyevlə bağlı daha bir əlamətdar səhifəsi də Onun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi 3 oktyabr günüdür. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Andına və xalqına sadiq qalmış Ulu Öndər, Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ümummilli Liderin qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasət adamı kimi bütün fəaliyyəti boyu xalq məhəbbətini özünə əsas prinsip seçməsi onun tarixdə əvəzolunmaz dövlət rəhbəri obrazının mühüm ştrixləridir. Bütün siyasi hədəflərində xalq və dövlət maraqlarını hər şeydən üstün tutduğundandır ki, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Dahi rəhbərin əsasını qoyduğu siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdığı üçün bu yolun ən layiqli davamçısı Prezident İlham Əliyev dünya siyasi arenasına qüdrətli Azərbaycan dövlətini təqdim etdi. Müstəqil Azərbaycan dövlətinin 3 oktyabr prezident seçkiləri ilə başlayan quruculuq və inkişaf yolunu İlham Əliyev Müzəffər Ali Baş Komandan və Qalib Prezident kimi daha şanlı və qürurlu dövlət olaraq davam etdirir. 30 il öncə Azərbaycan Prezidenti seçilən unudulmaz rəhbərin arzu və istəkləri bu gün həyata keçmişdir. Bu gün ərazi bütövlüyünü bərpa etmiş, iqtisadi və siyasi baxımdan qüdrətli dövlətin vətəndaşı olaraq yaşadığımız qürur və xoşbəxtliyə görə hər birimiz Ulu Öndərə borcluyuq. Azərbaycan var olduqca Ümummilli Lider də bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq.
Reyhanə Axundova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı