Azərbaycan diplomatiyasının BMT zəfəri
16 avqustda BMT Təhlükəsizlik Şurasında Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran” barəsində aparılan müzakirəni ölkəmizin növbəti diplomatik uğuru hesab etmək olar. Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuz oldu.
Laçın yoluna paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi isə tamamilə Azərbaycanın maraqlarına cavab vermiş oldu. Nəticədə Ermənistan hökuməti ilə erməni diasporu arasında ciddi narazılıq və anlaşılmazlıqların olduğunu və hər gün daha da dərinləşdiyini anlamış oluruq.
Təhlükəsizlik Şurasındakı müzakirələrdə çıxış edən dövlətlərin böyük əksəriyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiq etdi.
Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. İclasdakı çıxışlarda da Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətinin həyata keçirildiyi, Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlara zəmanət verildiyi qeyd edildi. Bundan əlavə, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Təşkilatı vasitəsilə Qarabağdakı erməniləri bütün zəruri məhsullarla təmin etməyi təklif etmişdi, amma qarşı tərəf bundan da imtina etdi.
Göründüyü kimi, Ermənistanın bir yolu var: Azərbaycanın şərtlərini qəbul etmək, separatizmə və təxribatlara son qoymaq. Ermənistan BMT Təhlükəsizlik Şurasındakı son müzakirələrdən anlamalıdır ki, 2020-ci ildə baş verən hadisələr yenə də təkrarlana bilər. Bölgəyə sülhün gəlməsi üçün Ermənistan Azərbaycanın başlatdığı proseslə razılaşmalıdır.
Beynəlxalq hüquqa əsasən, Qarabağ Azərbaycan ərazisidir. Odur ki, Azərbaycan ərazisində Ermənistan hər hansi bir addım atarsa, cavabını da alacaq. Problemin həlli üçün Ermənistan Azərbaycanın dediklərini yerinə yetirməlidir.
Sehranə Rzayeva
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi.
Əməkdar müəllim, YAP fəalı