Şəhid Sabir Hikmət oğlu Salahovun doğum günü qeyd olunub
Avqust ayının 15-də Salyan şəhərində Vətən müharibəsi şəhidi Salahov Sabir Hikmət oğlunun anadan olmasının 24-cü ildönümü münasibətilə xatirəsi yad edilib.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri, döyüşçü yoldaşları və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları öncə şəhdin evində olub, xatirə kompleksini ziyarət edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Sonra Salyan şəhər Şəhidlər Xiyabanında şəhid Sabir Salahovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub və xatirəsi ehtiramla yad edilib. Tədbir iştirakçıları sonra “Kür” şadlıq evində təşkil edilmiş ehsan süfrəsində iştirak ediblər.
Qeyd edək ki, Sabir Salahov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Füzuli və Xocavənd döyüşlərində qəhrəmancasına savaşıb. Sabir Salahov oktyabr ayının 5-də Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Buqra dərəsi deyilən yerdə şəhid olub, oktyabrın 6-da Salyan şəhər Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Sabir Salahov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.