“Rusiyanın bu hərəkəti riyakarlıqdır”
Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin üzvü, deputat Fəzail Ağamalının Qaynarinfo-ya müsahibəsi
-Fəzail müəllim, son günlər Ermənistan yenidən siyasi şou göstərərək, Laçın dövlət keçid məntəqəsində təxribata əl atır. Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarəti və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistan Azərbaycanın suveren ərazilərinə "humanitar yük” adı altında avtomobil karvanı göndərir. Bəzi Qərb mediası da ermənilərin təzyiq altında olduğunu iddia edir. Baş verənlərə sizin şərhiniz maraqlı olardı...
- Ermənilər artıq bir həftəyə yaxındır ki, Fransa tərəfindən hazırlanan bu oyunun icraçılarıdır. 19 yük avtomobilini Laçın dəhlizində saxlamaqla İrəvan növbəti bir avanturaya əl atdı. İyulun 26-dan ermənilərə məxsus yük maşınları sərhəddimizin önündə, sərhədçilərimizin qarşısında müti vəziyyətdə qalmaqdadırlar. Ermənistan hakimiyyəti özünü gülməli vəziyyətə salıb. Bu "TIR avantürası” iflasa məhkumdur. Çünki həm beynəlxalq hüquq normalarına görə, həm də Azərbaycan dövlətinin sarsılmaz iradəsi və dəyişməz mövqeyinə görə, onlar heç bir halda bizim icazəmiz olmadan Laçın dəhlizindən keçə bilməyəcəklər. Rəsmi Bakının mövqeyi bəllidir. Biz qanunlarımızı tapdalamağa heç kəsə imkan verməyəcəyik. Ermənilər ən müxtəlif üsullarla ölkəmizə qarşı təxribatlar törətməkdə davam edirlər. Ermənistan və onun arxasında duran qüvvələr bizim zəfərimizi həzm edə bilmirlər. 44 Günlük Vətən Müharibəsində də belə idi. Həmin günlərdə də Azərbaycan dövləti Ermənistana dəstək verən böyük güc mərkəzləru ilə üz-üzə idi. Bu müharibədə biz qələbə qazandıq və ədaləti bərpa etdik. Problem artıq tarixə qovuşub. Biz savaşı udmuşuq. Savaşda əldə etdiyimiz qələbə ilə müqayisədə "TIR təxribatı” olduqca önəmsiz məsələdir.
Azərbaycan dövləti qəti qərarını açıqlayıb ki, Laçın dəhlizində nəinki 19 yük maşını, ümumiyyətlə, heç bir quş da bizim icazəmiz olmadan keçə bilməz. Bakı hümanitar yük maşınlarının qarşısını almır, onlar maneəsiz işləyə bilərlər. Lakin Bakı bəyan edib ki, Xankəndinə gedən maşınlar Ağdam yolundan istifadə etməlidirlər.Bu yol həm qısa, həm də daha təhlükəsizdir.Separatçılar isə vəziyyəti gərginləşdirmək istəyirlər. Bakı ilə heç kəs təzyiq və təhdid dilində danışa bilməz. Bunu hamı anlamalıdır. Dünyanın istənilən humanitar təşkilatı hansısa xalqa yardım, kömək etmək istəyirsə, ilk növbədə bu xalqın mənsub olduğu dövlətdən icazə alınmalıdır. Azərbaycan hüquqi dövlətdir. Bizim qanunları kimsə poza bilməz. Əgər Xankəndində yaşayan ermənilərin xaricilərin yardımına ehtiyacı varsa, ancaq təklif olunan variantla buna nail ola bilərlər. Düşünürəm ki, Xankəndidə yaşayan ermənilərin buna ehtiyacları yoxdur. Xankəndidə 24-25 min yerli erməni yaşayır. Qalanları isə Suriyadan, Livandan və digər ölkələrdən gətirilənlərdir. Əgər onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr, bayrağımızı öpüb, onun qarşısında diz çöksələr, 24-25 min erməni icması ölkəmizin geniş imkanları daxilində hər bir şeylə təmin oluna bilər.Onların həm ərzaq, həm də tibbi ləvazimat, elektirik enerjisi, təbii qazla təcihaztında və təminatında heç bir problem olmayacaq. Azərbaycan öz daxili imkanları ilə pandemiya dövründə onlarla Qoşulmama Hərakatı ölkələrinə maddi yardım göstərdi. Bu gün Azərbaycan Avropa enerji təhlükəsizliyin təminatında ciddi rolu olan ölkədir. Xankəndini elektirik enerjisi, təbii qazla və digər lazımı vasitələrlə təmin etmək ölkəmiz üçün heç bir problem yaratmır.Bunun üçün bir tələb var. Orada yaşayan ermənilər ağıllanmalı, Azərbaycanın qanunlarına əməl etməlidirlər.
- Rusiya Laçın dəhlizində dayanan TIR-larla bağlı susqunluq nümayiş etdirir. Sanki vəziyyətin gərginləşməsində Kreml də maraqlıdır...
- Əslində, TIR maşınlarının Laçın dəhlizində dayanması Rusiyanın da straterji maraqlarına uyğun gəlmir.Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə oyunu Franda oynayır. Rusiya isə o ərazilərdə möhkəmlənmək arzusundadır. Yəni, sözügedən 19 yük maşını ilə bərabər, Avropanının 17 ölkəsinin səfirləri bayraqları ilə Xankəndiyə daxil olmaq istəyirlər. Bu məsələ bizimlə bərabər, Rusiyanın strateji maraqları ilə üst-üstə düşmür. Ona görə Rusiya bu məsələdə susqunluq göstərir. Əks təqdirdə, Azərbaycana təzyiq edənlərin başında elə Rusiyanın özü dayanardı.
- Lakin onu da unutmayaq ki, Ermənistanın Qarabağa humanitar yardım karvanı göndərməsi şousunda Qərb ölkələrinin səfirlərinin, Avropa İttifaqının rəsmi şəxsləri ilə yanaşı Rusiya səfirliyinin də canfəşanlığı diqqət çəkir. Kreml bununla nə demək istəyir?
- 19 yük maşınının yer aldığı karvanı müşayiət edən Qərb nümayəndələri Ermənistan rəsmiləri ilə birgə hərəkət edirlər. Bunların sırasında Rusiya səfirliyinin əməkdaşları da var. Bu da riyakar bir mövqeyin ifadəsidir. Yəni, Moskva "mən də burada varam” mesajını verir. Rusiya demək istəyir ki, Kreml hümanitar yüklərin keçməsinə müsbət yanaşır, lakin Bakı buna imkan yaratmır. Amma bununla da nə dəyişəcək? Azərbaycan öz haqlı mövqeyindən əl çəkməyəcək. Nə Qərb ölkələrinin, nə də ki Rusiyanın bəyanatları Azərbaycanın mövqeyinə təsir edə bilməz. Yük maşınlarının Laçın dəhlizindən keçilməsinə Bakı icazə verməyəcək. Şimal qonşumuz yenə öz oyununu oynayır. Rusiya Azərbaycana qarşı heç vaxt səmimi olmayıb. Kremli ancaq bir məsələ düşündürür - Qafqazda - Ermənistanda, Azərbaycanda mövcudluğunu qoruyub saxlamaq. Bu dəfə də Kremlin arzusu ürəyində qalacaq və planları baş tutmayacaq.