Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edərkən Şuşa haqqında ətraflı danışdı. Ölkəmizin sahib olduğu üstünlükləri sadaladıqca, sanki dünyaya bir daha Azərbaycan haqqında gerçəkləri təkrar-təkrar diqtə edirdi.
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Bununla da Azərbaycanın, xüsusən də Qarabağın baş tacı olan Şuşa şəhəri illərin əsarətdən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edildi. Bu, Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləməsi Şuşanın mənəvi dəyərindən əlavə, strateji əhəmiyyətinin olduğunu də deməyə əsas verir. Eyni zamanda, Şuşa Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtıdır, qədimliyi və müasirliyi özündə əks etdirən tarixi şəhərimizdir. Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzidir.
Şuşanın işğaldan azad olunmasından ötən qısa zaman kəsiyində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün büstləri öz yerinə qaytarılıb. Cıdır düzündə “Xaribülbül” musiqi festivalı keçirilib və bu festivalda Şuşanı azad edən, “Dəmir yumruğu” formalaşdıran Azərbaycanın bütün xalqlarının mədəniyyət nümunələri nümayiş olunub. Həmçinin Molla Pənah Vaqifin məqbərəsi yenidən qurulub və ənənəvi olaraq Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanılıb. Aşağı və Yuxarı Gövhərağa, Saatlı məscidləri yenidən qurulur. Ermənilərin dağıtdıqları tarixi abidələr, binalar, mədəniyyət nümunələri bərpa edilir. Bundan əlavə, Şuşaya “Qoruq şəhər” statusu da verilib. Belə deyə bilərik ki, Şuşa bu gün xoşbəxtdir və öz sakinlərini möhtəşəm şəkildə qarşılamağa hazırlaşır.
Azadlığının ilk günündən etibarən, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıldı və bərpa işlərinə başlanıldı. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Çünki tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Füzuli Hava Limanından Şuşaya bir yol çəkilib. Bu əzəmətli, uğurlu yol Zəfər yolu adlanır. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Qürurla deyə bilərik ki, bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır.Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir.
Bu gün Şuşada bir çox beynəlxalq tədbirlər keçirilir. Qlobal Media Forumuda keçiriliən mühüm tədbirlərdəndir. Forumda 49 ölkədən gələn əcəbi qonaqlara Azərbaycan, eləcə də Şüşa ilə bağlı çox geniş məlumatlar verildi. İşğaldan azad olunan ərazilərdə, xüsusən Şuşada beynəlxaq konfrasların keçirilməsinin mühüm əhəmiyyyəti var. Bu tədbirlərdə iştirak edən əcnəbi jurnalist və ya ekspertlər də çox böyük məmnunluq hissi keçirir. Şuşada aparılan abadlıq-quruculuq işlərinə valeh olur və Azərbaycan dövlətinin gücünü bir daha görürlər. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunun üçün ortada yüksək potensial və möhkəm iradə mövcuddur.
Səməd Zeynalov,
Salyan rayon gənci, YAP fəalı