Şuşa Qlobal Media Forumu ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm tədbirdir
Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinin iştirakı, çıxışı, xarici və yerli jurnalistlərin verdiyi sualların cavablandırılması dünyanın müzakirə etdiyi mövzulardandır. Azərbaycan Prezidenti demək olar ki, heç bir sualı cavabsız qoymadı, hər birinə aydınlıq gətirdi, həm də verilən sualın dilinə uyğun cavab verildi.
Qəhrəman Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması təsadüfi sayıla bilməzdi. İlk dəfə idi ki, dünyanın aparıcı media, jurnalist təşkilatlarının rəhbərləri, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Şuşada bir araya gəlmişdi. Prezident İlham Əliyevin Forumda çıxışı zamanı toxunduğu məsələlər, həmçinin regionda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı fikirləri önəmli idi. Dövlət başçısının Forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu.
Qeyd edək ki, sual-cavab formatında keçirilən Forum tarixi həqiqətlərə işıq salaraq ölkəmiz barədə dolğun məlumatın əldə edilməsində zəngin mənbə olacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, forum iştirakçıları üç saata yaxın davam edən müzakirələr sayəsində ölkələrinə çox yaxşı nəticələrlə qayıdacaq.
Qətiyyətlə demək olar ki, Şuşa Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında öz sözünü deyəcək. Tədbirdə dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan “Böyük Qayıdış” proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Əlbəttə ki, burada regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri, keçmiş məcburi köçkünlərin məskunlaşdıırlması və s. məsələlər daxildir. Dövlət başçısının dediyi kimi, əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması mümkündür.
Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirib. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu rəqəmlər, əlbəttə, hər bir azərbaycanlının qəlbində sevinc və qürur hissi oyadır. Nəzərə almalıyıq ki, bu qədər genişmiqyaslı quruculuq işini Azərbaycan təkbaşına heç bir maliyyə yardımı almadan təkbaşına həyata keçirir. Şübhəsiz ki, bütün bunlar dünyada qibtə ilə qarşılanır. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və orada həyata keçirilən Böyük Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünə güzgü tutur. Azərbaycanın real imkanlarını və potensialını nümayiş etdirir.
Qarabağın erməni sakinlərinə gəlincə, dövlətimizin başçısı Forumda bu məsələ ilə bağlı aydın şəkildə mövqeyini ifadə edib. Bu mövqe ondan ibarətdir ki, Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq. Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyən Prezident bildirib: “Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”. Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir. Ona görə də, Qarabağ erməniləri dövlətimizin xoş niyyətini nə qədər tez anlasalar, bir o qədər özləri üçün yaxşı olacaq.
Adilə Mirzəxanlı,
Salyan rayonu, YAP fəalı