Azərbaycanda referendum keçirilir? - Erkin Qədirlinin fikirlərinə cavab
2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı Teleqraf.com-a açıqlamasında sözügedən məsələ ilə bağlı məlumatlı olmadığını deyib.
O, həmkarında belə bir məlumatın haradan qaynaqlandığını da bilmədiyini vurğulayıb: “Amma Prezidentin müxtəlif platformalarda söylədiyi fikirlərin və apardığı islahatların məntiqi referendumun keçirilməsini şərtləndirir. Bəli, referendum keçirilməsi haqqında müəyyən gümanlar var. Ancaq bunun nə zaman keçirilməsi haqqında konkret məlumatlı deyiləm.
Burada vacib dəyişikliklər və əlavələrlə bərabər, həm də mütəmadi olaraq hər birimizin seçki sistemi ilə bağlı söylədiyimiz fikirlər var. Dəfələrlə bildirmişəm ki, proporsional və majoritar seçki sisteminin tətbiqinin ölkəmiz üçün ciddi töhfələri ola bilər. Bu, Prezidentin apardığı siyasi islahatların və yeni siyasi konfiqurasiyasının inkişafına da öz əhəmiyyətli nəticəsini verə bilər”.
Fəzail Ağamalının fikrincə, millət vəkillərinin sayının artırılması da gözləniləndir: “Çünki 125 deputat hazırkı Azərbaycan əhalisinin sayı ilə adekvat deyil. Bu sayın artırılması mümkündür.
İkipalatalı sistem də çox maraqlıdır. Düşünürəm ki, bunun özü Azərbaycanda demokratik proseslərin inkişafına və qanunverici aktların demokratik yolla qəbul edilməsinə əhəmiyyətli təsir göstərə bilər. Başqa ölkələrin təcrübəsində də alt və üst palatalar var. Bizdə də alt palata Milli Məclisdə ola bilər, yuxarı palata isə senat və yaxud da adı başqa cür ola bilər. Alt palatada – yəni indiki Milli Məclisdə seçkilər qarışıq sistemlə keçirilə bilər - proporsional və majoritar. Bu, təbii ki, həm də partiyanın siyasi sferada yerinin və rolunun artması baxımından da əhəmiyyətlidir.
Dünyanın inkişaf etmiş müxtəlif demokratik ölkələrində, hətta MDB ölkələrində - Qazaxıstanda, Türkmənistanda, Rusiyada duma olan federasiya şurası var. Avropa ölkələrində bu daha çox geniş yayılıb və özünü birmənalı şəkildə təsdiq edib. Maraqlı təklifdir, hər halda bu, müzakirə predmeti ola bilər. Bəlkə də ümumi müzakirələrdə üstün mövqe qazana bilər”.
Milli məclisin Deputatı Fəzail Ağamalı.