Prezident İlham Əliyev: “Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq”
Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarix boyu ən vacib vəzifələrdən biri olub. Belə dövlətlərdə qarşıya qoyulan əsas vəzifələrdən biri ordu quruculuğunun inkişafına xüsusi önəm vermək, Silahlı Qüvvələrin müasir silah-sursatla təminatı və torpaqları düşməndən azad etməyə qadir ordu yaratmaqdır. Bu məqsədin reallaşdırılması dövləti qaliblər sırasına çıxarır, onun xalqını daha məğrur edir.
Əminliklə deyə bilərik ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirildi. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer aldı.
44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Bu şanlı Qələbə ölkəmizin malik olduğu imkanların dünyaya təqdimatı oldu. Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də ölkə Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsləri yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində Komando hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”
İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş Bayrağını təqdim etməsi bu istiqamətdə atılan addımların davamlılığından xəbər verir. Həmin mərasimdəki çıxışında Silahlı Qüvvələr Günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsinin açıldığını önə çəkən cənab İlham Əliyev bildirdi ki, bu, çox əlamətdar hadisədir. Vətən müharibəsindən sonra göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.
İftixarla qeyd etmək yerinə düşər ki, bugünkü qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə qalib ordu statusu alıb. İndi Azərbaycan qalib dövlət kimi həyatının ən xoşbəxt günlərini yaşayır. Biz güclüyük, qüdrətliyik, regionun lideri, dünyada söz sahibiyik. Şübhəsiz ki, bu uğurlarımız Ulu Öndər Heydər Əliyevlə başlayan siyasi kursun mükəmməl davamçısı Prezident İlham Əliyevin xidmətidir. Bu gün qüdrətli Azərbaycan dövləti qalib sərkərdə və qalib ordu vəhdətinin gücü ilə daha da ucalır. Bu birlik düşmənə kədər, dosta sevinc yaşadır. Azərbaycanın təhlükəsizliyinin və inkişafının təminatçısı da qalib Komandan, qalib Ordu, qalib Xalq birliyindədir.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri