“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi
Azərbaycan Respublikasının müstəqil dövlət kimi özünün yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunu bütün dünyaya bəyan etməsinə imkan yaradan “Əsrin müqaviləsi”nin imzalanmasının böyük tarixi əhəmiyyəti var. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanmış bu nəhəng neft sazişi regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri, Azərbaycanın yeni neft strategiyasının müəllifi Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini qeyd edərək deyib: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.
Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin əmək sərf edib. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində neft hasilatının ildən-ilə artması həm də Azərbaycanı dünyanın potensial neft ixrac edən ölkələri ilə bir sıraya yüksəltmişdir.
Prezident İlham Əliyev 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışında qeyd etmişdir: “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək”. Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına geniş məbləğdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. İndiyədək “Azəri-Çıraq-Günəşli” layihəsi hesabına 145,8 milyard dollar gəlir əldə olunub. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir. 2017-ci il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. 14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün oldu, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalandı. Bu Sazişin yeni “Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.
“Əsrin müqaviləsi”nin icra olunduğu 29 il ərzində dövlətin artan maliyyə resurslarının bir hissəsi də qeyri-neft sektorunun inkişafına yönəldilib. Belə ki, ötən müddət ərzində dövlət qeyri-neft sektorunu fasiləsiz olaraq güzəştli kreditlərlə təmin etmiş, eləcə də kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə dəstək mexanizmləri formalaşdırıb. Ölkə iqtisadiyyatının insan kapitalı formalaşmış, texnoloji təminat səviyyəsi yüksəlmiş və qeyri-neft sektorunda dinamik artım tempi əldə edilmişdir ki, bu da iqtisadiyyatın dayanıqlı inkişafı üçün əlverişli zəmin yaratmışdır. 2014-cü ildən başlayaraq dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan hökumətinin yuxarıda qeyd edilən istiqamətlər üzrə fəaliyyətini daha da intensivləşdirmiş və neft faktorundan asılı olmayan iqtisadi inkişafa imkan verən strateji yol xəritələrinin həyata keçirilməsinə başlanıb.
Elşad Xəlilov,
Salyan Peşə liseyinin direktor əvəzi