“Əsrin müqaviləsi” milli iqtisadiyyatımızın davamlı inkişafının əsasıdır
Bildiyimiz kimi, 31 may 2023-cü il tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olmuşdur. Açılış mərasimində çıxış edən ölkə rəhbəri cənab İlham Əliyev qeyd etdi ki, 1994-cü ildə Ulu Öndərin böyük zəhmət bahasına ərsəyə gətirdiyi “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi.
Müasir dövrdə milli iqtisadiyyatımızın dördüncü sənaye inqilabı çağırışlarına cavab verməsi müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin Azərbaycana hələ ilk rəhbərlik etdiyi dövrdə iqtisadi və sosial inkişafında həll olunmamış bir sıra problemləri olan Sovet Azərbaycanı üçüncü sənaye inqilabını reallaşdırmağa nail oldu.
Heç kəsə sirr deyil ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada bütün sahələrdə, xüsusilə sosial-iqtisadi sahədə geriləmə özünü göstərirdi. Ölkə iqtisadiyyatında dərin və uzunmüddətli böhran yaşanır, Azərbaycan Sovetlər birliyinin geridə qalmış aqrar respublikasına çevrilmişdi. Həmin məqamda mövcud vəziyyəti düzgün dəyərləndirən Heydər Əliyev respublikanın gücünü, əhalinin rifah halının yaxşılaşdırılmasını, bütövlükdə siyasi müstəqilliyin təməlini məhz dayanıqlı iqtisadi inkişafın təmin olunmasında görürdü. Bu baxımdan XX əsrin 70-ci illərini Azərbaycanın ilk inkişaf mərhələsi kimi adlandırmaq olar. O dönəmdə Ulu Öndərin gərgin, ardıcıl işinin, tətbiq etdiyi düzgün və səmərəli idarəetmə modelinin nəticəsi olaraq artıq 1982-ci ildə ötən onilliklə müqayisədə məcmu ictimai məhsul 2.3, milli gəlir istehsalı 2.3, sənaye məhsulları istehsalı 2.2, kənd təsərrüfatı məhsulları istehsalı 2.2 dəfə artmış, nəticədə pərakəndə ticarət dövriyyəsi 79 faiz yüksəlmişdir.
Daha sonra 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin qədirbilən Azərbaycan xalqının təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdi. Belə ki, 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını və gələcək davamlı inkişafını təmin etdi.
Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsi olan enerji siyasətinin inkişafı da Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanın neft yataqlarını ən böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazandı. Bu gün əsası qoyulmuş həmin enerji siyasəti Prezident İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin olunması üçün hər bir sahədə məharətlə istifadə olunur.
Azərbaycan artıq yaşıl iqtisadiyyatın təşviqi və yaşıl enerjinin istehsalı sahəsində də vacib layihələrin həyata keçirilməsinə başlayıb. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin xarici ölkələrə nəql olunması istiqamətində dünya dövlətləri mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər.
Beləliklə, bu gün Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin düzgün gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.
Vüsalə Hüseynova,
Salyan şəhər 6 saylı tam orta məktəbin direktoru, YAP fəalı