Heydər Əliyev Milli-mənəvi dəyərlərimizin böyük hamisidir
Xalqlarının taleyində müstəsna rol oynayan liderlər bir qayda olaraq milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynamış, milli tərəqqi üçün dayanıqlı əsasların, mütərəqqi inkişaf strategiyasının müəllifinə çevrilmişlər. Tarix özündən sonra layiqli irs qoyub getmiş belə fenomen şəxsiyyətlərin, xarizmatik liderlərin həyata keçirdiyi xeyirxah əməllərdə yaşayaraq təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər uğrunda səfərbər olunması üçün zəruri olan milli ideologiya da məhz belə şəxsiyyətlərin siyasi konsepsiyasında reallığa qovuşur. Bu mənada, ulu öndər Heydər Əliyev də Azərbaycanın milli-mənəvi dəyərlər sistemini qoruyan, inkişaf etdirən və onu milli özünüdərkin həlledici amilinə çevirən fenomenal lider kimi xalqımızın qəlbində yaşayır.
Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Əgər ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-cı illərində Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik.
Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli mənliyini, heysiyyətini qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman ciddiliklə nəzərə alan böyük strateq Heydər Əliyev Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün ilk növbədə xalqın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini qorumağa çalışmışdır.
Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir. Həmin dövrdə böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. İdarəçilikdə digər bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuşdur.
Həmin dövrdə milli düşüncəli vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən sanballı əsərlər yazıb-yaratmaları da Heydər Əliyevin xalqına necə bağlı şəxsiyyət olduğunu təsdiqləyir. Vaxtilə azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə şovinizmdə, millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda qoruyan Heydər Əliyev milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir.
Xalqımızın milli düşüncəsi, adət-ənənələri, ümumən azərbaycançılıq ideologiyasının mühüm komponentləri daha çox qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini tapdığından, sovet ideologiyası XX əsrin 20-50-ci illərində dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər bu qadağanı da tamamilə aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır. "Azərbaycan əbədiyyatı çoxəsrlik tarixi "Kitabi-Dədə Qoqud" kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir" - deyən Heydər Əliyevin göstərişi əsasında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, bu mövzuda bədii film də çəkilmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz ana dilinə həssas münasibət olmuşdur. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını yaxşı bilən, onu bilməyənləri şikəst sayan müdrik rəhbərin bu məsələyə münasibəti birmənalı olmuşdur.Azərbaycan dilinin tədqiqinə görə bir qrup dilçi alimin dövlət mükafatlarına layiq görülməsi, o cümlədən 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinin çapı da ulu öndərin ana dilinə böyük ehtiramla yanaşdığını göstərir.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Səlimağa Səlimli,
Azərbaycan Respublikasının Əməkdar Müəllimi, YAP fəalı