Ərdoğan baş verənlərə görə İsrail prezidentini yığdı – Mövqe ortaya qoydu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə gecəsi prezident İshaq Herzoqa zəng edərək Qüds və İordan çayının qərb sahilində son bir həftə ərzində artan gərginlik fonunda narahatlığını ifadə edib.
Hersoqun ofisindən verilən açıqlamada deyilir ki, telefon danışığı Ərdoğanın təşəbbüsü ilə başlayıb və Türkiyə prezidenti ilk növbədə cümə günü İordan çayının qərb sahilində iki bacının öldürüldüyü və Təl-Əvivdəki ayrı-ayrı hücumlara görə İsrail xalqına başsağlığı verib.
İsrail prezidenti də öz növbəsində ölkənin ümumiyyətlə müqəddəs yerlərdə status-kvonun qorunub saxlanmasına sadiq olduğunu bildirib.
Hersoq Türkiyə prezidentinə deyib ki, “İran HƏMAS da daxil olmaqla əlaltıları vasitəsilə regional sabitliyi pozmaq məqsədi ilə bir neçə cəbhədə kampaniya aparır və Qüdsdəki vəziyyətdən istifadə edərək dini təhrik əsasında terrordan istifadə edir”.
İsrail prezidenti həmçinin “fars və ərəbdilli mediada gedən qərəzli və yalan məlumatlara toxunub və terrora təhrik edən saxta və köhnəlmiş videoların yayılmasını nümunə göstərib”.
Türkiyə tərəfinin yaydığı mətndə isə deyilir ki, Ərdoğan İsrail qüvvələrinin Əl-Əqsa məscidinə hücumu və İsrailin müqəddəs yerlərdə ibadət edənlərə qarşı sərt rəftarını gündəmə gətirib.
Ərdoğan Hersoqa müsəlmanlarının əl-Əqsanın statusu və mənəviyyatına qarşı təxribatlar və təhdidlər qarşısında səssiz qala bilməyəcəklərini söyləyib və əlavə edib ki, “hər Ramazan ayında baş verən bu kimi hadisələrin bütün regionun taleyinə təsir etməsinə icazə verilməməlidir.”
O, Türkiyənin davamlı ədalət və sülh üçün addımlar atmağa, gərginliyin azaldılması üçün vasitəçi olmağa hazır olduğunu deyib.