BOYANIB QANA, YATIR
Birinci Qarabağ müharibəsi şəhidlərindən olan Fariz Sarıyev Məhəmməd Nərimanoğlunun “Dağların sinə dağı” kitabında
Əziz oxucular!
30 il öncə də, hələ biz Kəlbəcərdən didərgin salınmamışdan belə mövzularla yazdığım məqalələrlə görüşünüzə gəlirdim (Kəlbəcərdə o vaxtlar çapdan buraxılan “Yenilik” qəzetinin səhifələrində).
İllər keçdikcə dərd-sərimiz də artdı, şəhidlərimizin sayı da. Mən bu mövzudan uzaq düşə bilməzdim. Həm də inanırdım ki, mütləq biz Qələbə soraqlı yazıların da müəllifi olacağıq. Artıq 2020-ci ildən bu günə kimi Zəfər soraqlı yazılarımızla birlikdə qanlı-qadalı döyüş günlərini, Qarabağ uğrunda canlarından keçən cəsur, qorxmaz Ana Vətən oğullarının şərəfli döyüş və ömür yollarını da unutmadıq. Bu gün də həmin mövzular jurnalistikanın gündəmindədir.
Mənim də belə mövzulardan bəhs edən 4-5 şəhid kitabım var. Həmin kitabların ilki Kəlbəcərdə qələmə alınıb və 1994-cü ildə “Azərbaycan” nəşriyyatında 6 min tirajla çapdan buraxılıb. Həmin kitabda şərəfli döyüş yolundan qısaca söz açılan şəhidlərimizdən biri də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dünyaya göz açmış Fariz Sarıyev idi...
Bax bu oxuyacağın yazını mən hələ Kəlbəcərdə, “Yenilik” qəzetində çalışarkən qələmə aldğım “Qana boyanıb yatır” məqaləmdir.
Yenidən birlikdə oxuyaq və şəhidlərimizi heç vaxt unutmayaq.
***
...Kəlbəcərin Zülfüqarlı kəndi. Bu kənddə Farizin ata evini tanıyanlar tanıyır, tanımayanlara tanıtmayaçağam. Bu kəndə yolu düşənlər baxan kimi tanıyacaqlar. Aradan illər keçsə də, tanınacaq o ev, o həyət, o dam-daş. O həyətin həndəvərindən keçən biləcək ki, buradan şəhid çıxıb. Burada bir ana üç qızı ilə baş-başa verib oğul ağlayıb, bacılar qardaş haraylayıb. Bu həyətdə bir kişi əl ağacına dayanıb, toy mağarı əvəzinə vay mağarı quranlara baxa-baxa qalıb…
Fariz bu evdən – ata ocağından sonuncu dəfə çıxıb «öz evinə» gedib. Ata evindən ömürlük çıxıb, son mənzilinə səfər eləyib. Atası toy çaldırmamış, bacıları toyunda oynamamış, bəy taxtında oturmamış gedib Fariz…
Zülfüqarlı kəndi Farizdən əvvəl Şahlar Şükürov kimi igid itirdiyinə görə qan ağlayırdı, indi isə qoşa şəhid oğullarının yasını saxlayır.
Sarıyev Fariz Rəşid oğlunun qulluq etdiyi hərbi hissədə indi onun beş-on kəlməlik tərcümeyihalı qalıb. Tərcümeyi-halda yazılıb ki, 1973-cü ildə Kəlbəcərin Zülfüqarlı kəndində kolxozcu ailəsində anadan olub. 1990-cı ildə Zülfuqarlı kənd orta məktəbini bitirib. 1992-ci ilin avqust ayında Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.
Farizin anası, bacıları, qardaşları yayda ağlayıblar. Doyunca ağlaya biliblər. Aradan nə keçib, nə keçməyib bilmirəm, indi də mən ağlayıram. O zaman dil-ağız ağlayırdı, indi isə qələm-kağız ağlayır. Allah, sən saxla, ağı-ağıya qarışıb. Mən yox, ağlaya bilmirəm. İndi qışdı. Fəsillərin qışı kimi, talelərin, qismətlərin də qışı olur. Şəhid balaların talelərinin qışıdı. Ağlamaq olmur. Göz yaşları donub. Donuq baxışlardakılarını sözə çevirə bilmirəm. Dörd yanım doludu bu baxışlarla.
Farizin balaca bir şəklini tapıb böyütmüşəm. Dil-ağzı yoxdu, amma, sanki gözləri ilə hər şeyi danışır:
- Məndən yamanca gec yazdınız. Küsmürəm, ata-anam da küsməz. Unutmamısız. Amma gərək bizi çoxdan itirib-axtaraydılar. Evimizə getməyin. Anamın ürəyi xəstədi. Əvvəllər sapsağlam idi, indi ağrı tarıb… Aradan bir az keçib, xatırlanası nə var ki? Cəmi on doqquz illik bir ömrün yeddi-səkkiz ili uşaqlıq-körpəlik çağları, on ili orta məktəb, yerdə qalan bir ili isə güllə qabağında…
Məni narahat eləyən odu ki, görəsən Şahlarla məndən savayı kəndimizdən şəhid olmadı ki?
- Yox, Fariz, bəyəm azdı?!
- Niyə elə həsrət çəkdin, ay qardaş?! Heç məni bəlkə də həyatda görməmisən. Bəs gör onda şəhid yiyələri nə haldadı? Darıxmayın, inşallah, az qalıb yağıların ömrünə. Allah qoysa, day şəhidlikdən yazmayacaqsan…
- Təki sən deyən olsun. Vallah, şəhidlərimiz o qədərdi ki, ağlamaqdan anaların gözlərində yaş qalmadı. Nə qədər ağı demək olar? Siz gedəli ruhlarınızla baş-başa verib ağı deyirik. İstəyirəm ki, ağılarınız bir-birinə oxşamasın, amma olmur. Çünki bir dildən, bir qələmdən, bir ürəkdən gələn ağılardı. Çünki bir torpağın üstündə boy atan fidanlar idiniz. Çünki, bir amal uğrunda vuruşurdunuz, bu amal uğrunda da şəhid oldunuz. Ona görə də yazılar oxşar taleləriniz kimi bir-birinə bənzədi.
…Farizin özündən sonra Vətənə, ata-anasına, qardaş-bacılarına qalan yadigarı bir bu ağı, bir də şəhid adıdı. Evli olsaydı, körpəsi qalsaydı, atası-anası şəhid Farizin körpələrini əzizləyərdilər. Ona görə də bu ağını yazdıq ki, qoy Farizin qoşa yadigarlarını – şəhidliyini və ağısını əzizləsinlər…
Rəşid dayı cəbdəyə iki oğul göndərmişdi. Fariz həqiqi hərbi xidmətə çağırılmışdı, Azər isə könüllü batalyonda idi. İstəyirdilər ki, Vətəni yağı tapdağından azad etsinlər. Döyüşlərin qızğın yerlərinə can atan qardaşlar bilirdilər ki, bu yolda qan var, ölüm-itim var, amma, geri dönmək yoxdu. Dönmədilər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər və nəhayət, Ağdərənin Qozlu kəndinə çatanda baxdılar ki, hər yanı qan yağışı bürüyüb. Azər nə qədər elədisə, Farizi çıxara bilmədi o qan yağışının altından.
Evdən qoşa çıxan qardaşların biri qayıtdı, o birisi yox. Azər evə Farizsiz döndü. Ata çıxdı qabağına, Farizi soruşdu:
- Fariz hanı?
Azərin dili tutuldu. Dillənə bilmədi. Deyə bilmədi Farizin getdiyi yolu.
Atanın səsinə ana çıxdı. Dalısınca Farizin o birisi qardaşı Akif çıxdı, bacıları Fəxrəndə ilə Şəhla süründü Azərin ayaqlarına, Farizi soruşdular. Azər dillənmədi, qanlı paltara bükülmüş qardaşını göstərib qıyya çəkdi:
-Eləmi hana yatır,
Toxunmaz hana yatır.
Oğluna bax, ay ana,
Boyanıb qana, yatır...
***
…Bura qədər o illər-Farizin şəhid olduğu günlərdə yazdıqlarımdır.
Bu günlərdə şəhidin bacısı Fəxrəndə Sarıyevadan gələn bir ismarıcı mənə sosial şəbəkədən çatdırdılar: “Birinci Qarabağ müharibəsi şəhidlərini unutmamısınızsa, onların biri haqqında yazmağınızı istəyirəm”.
Kimliyini soruşanda çaşıb qaldım. Məgər Fariz kimi Vətən oğullarını unutmağa haqqımızmı var? Şəhid Fariz Rəşid oğlu Sarıyev haqqında qələmə aldığım və “Dağların sinə dağı” kitabımda dərc etdirdiyim “Qana boyanıb yatır” adlı məqaləmi yenidən paylaşsam da, şəhidimizin bacısının xahiş dolu göndərdiyi əlavə faktları da yazıma əlavə edəsi oldum. Şəhid bacısı yazırdı: “…13 oktyabr 1973-cü il tarixində Zülfüqarlı kəndində doğulub. Orta məktəbi 1991-ci ildə bitirib. Həmin ilin noyabrında hərbi xidmətə gedib. Kəlbəcərdəki hərbi hissədə xidmətə başlayıb. Döyüşlərin ilk günündən ön cəbhədə olub. 13 avqust 1992-ci il tarixində Qozlu kəndindəki döyüşlərdə şəhid olub. 14 avqustda Zülfüqarlı kənd qəbristanlığında dəfn edilib. Onu da deyim ki, sinif yoldaşı və həm də dostu Əkbərlə birlikdə şəhid olub. Hələ 19 yaşı tamam deyildi, amma, çox qoçaq, həm qorxmaz, ürəkli oğlan idi. Elə o qorxmazlığın da badına getdi”.
Şəhid bacısı yazısına əlavə edir: “ Ölümündən sonra da kəndimizin mədəniyyət evinə qardaşımın adı verilmişdi. Sonra isə… Qaçqınçılıq-köçkünlük oldu. Ömrü yarımçıq qalan qardaşımın arzuları çiçək açmadı…
Atam Rəşid Zülfüqarlı kənd xəstəxanasında tibb işçisi (feldşer deyirdilər o vaxtlar), anam Sənubər isə evdar idi. Ailədə 4 qardas, 3 bacı olmuşuq.
Qardaşımın şəhid olmamışdan bir neçə saat öncə söylədiyi bir neçə kəlmə mənim üçün əvəzsiz yadigardır. Bəlkə də ailəmizdə məndən başqa onu bilən yoxdur: “…Uşaqlar, gedirik döyüşə. Bilmək olmaz, kim qayıda, kim qayıtmaya. Kim bu müharibədən sağ-salamat çıxsa, bir mahnı var ey, adını unutmuşam, sözləri belədir: “Girdim yarın baxçasına, nə bağ bildi, nə də bağban”, onu toylarda çaldırıb oynasın və şəhidlərimizi unutmasın, onları xatırlasınlar”…
İndi mən özüm də bilmirəm ki, o döyüşlərdən kim sağ qayıdıb. Qayıdanlar varsa, mənim qardaşımın istəyini unutmayıblar ki? Mən bir bacı kimi unutmadım. Həmişə də istəmişəm ki, qardaş-bacılarımın uşaqlarının toyunda o mahnı çaldırılsın və oynasınlar. Çünki qardaşımın sevdiyi hava, mahnı olub.
Hə, onu da deyim ki, Farizlə Almalıq kəndindən şəhid olan Cabbarov Əkbər Ziyad oğlu da igid, qorxmaz oğul idi. Almalıqda səkkizinci sinfi bitirib, bizim məktəbdə isə orta məktəbi başa vurmuşdu. Fariz Əkbərlə də orada dostlaşmış-qardaşlaşmışdı.
Bu dostların taleyinə yazılan oxşarlığa baxın: eyni ildə məktəbi bitirib, eyni vaxtda hərbi qulluğa çağırılıblar. Və… şəhidlik tarixi də eyni…
Bunları göz yaşımla yazıram: Kəlbəcərdən məcbur olub qaçanda ancaq qardaşımın hərbi geyimini, bircə dənə də şəklini gətirmişik. Onları da elə həmin il Mingəçevir Şəhidlər Muzeyinə verdik ki, orada qorunsun”!
Bax bu da şəhid bacısının demək istədiyi bir dastanlıq fikrinin sonuncu cümləsi. Etiraf edir ki, yaza bilmir. Qınamıram, bəylik taxtında əyləşmədiyi qardaşı şəhidlik zirvəsinə ucalıb. Bu, elə özü bir əsərdir, yazılmamış, oxunmamış…
Bu ürək dağlayan qoşmanı da şəhid bacısı yollayıb. Özü yazıb, ya da anası, bilmirəm. Amma elə ana-bacı dilindən qopub:
Tez-tez soruşurlar: “Şəhid kimin var?”
Bütün şəhidlərin anasıyam mən!
Tutulu toyları yarımçıq qalan,
Nişanlı qızların anasıyam mən!
Evindən çöllərə düşənlərin də,
Beşiklər başında əsənlərin də,
Taleyinə baxıb küsənlərin də,
Cəmi dərdlilərin anasıyam mən!
“Can, qardaş!” söyləyib yananların da,
Sevdadan adların dananların da.
Başdaşında yuva salanların da,
Ağlıyan dillərin anasıyam mən!
Məhəmməd Nərimanoğlu,
“Ana Vətən” qəzetinin Baş redaktoru, AJB-nin üzvü